Əlirza HƏSRƏT : - QARAÇI NƏĞMƏLƏRİ
Mən yarı qul,sən yarı şah,
Gözümdə açıldı sabah.
Ürəyimə işlədi ah,-
Bu qaraçı nəğmələri.
Sağımda,solumda durdu,
Qaraçı qız boynun burdu.
Elə şirin oxuyurdu,
Zalım acı nəğmələri.
Əl açıb çıxdı uğruma,
Əcəb məlhəmdir ağrıma.
Hayandan basım bağrıma,-
Bu eşq tacı nəğmələri?
Ömrüm keçdi yoxuşlarda,
Yer tapmadım koğuşlarda.
Qəmli oxuyur quşlar da,-
Eşq əlacı nəğmələri.