Ələsgər ƏLİOĞLU - PAYIZ KÜLƏYİ
Yeri, yeri,yeri, payız küləyi,
Ha əsdin, bir eşqi yarıdanmadın.
Atdan yerə saldın arzu-diləyi,
Həsrətin yolunu yanıldanmadın...
Yeri, yeri,yeri, payız küləyi,
Göydə durnaları qoşa uçurtdun...
Gözlərimdə qaldı neçə istəyim,,
Eşqimi bahardan qışa uçurtdun...
Yeri, yeri,yeri, payız küləyi,
Neynirəm saçıma daraq çəkəsən,
Quru bir vadiyə döndü ürəyim,
Əlindən gəlmədi bir gül əkəsən...
Yeri, yeri,yeri, payız küləyi,
Ruh qanad açsa da,can o can deyil.
Keçib taleyimə qışın kürməyi,
Ha əlləş, təzədən açılan deyil...
Yeri, yeri,yeri, payız küləyi!..
17.09. 2025