Ələsgər ƏLİOĞLU : - ÖVLADLARIMA ÜÇ-DÖRD KƏLMƏ

Ədəbiyyat 11:02 / 07.04.2025 Baxış sayı: 804

 

(Ömür-gün yoldaşım İradə xanımın

vəfatı ilə bağlı)

Siz-ana itirdiz,

Mən-ömür şamı,

İşıqsız qalmışam bu yer üzündə.

Qaranlıq içində yaşayarammı,

Özümü tapmıram axı özümdə.

Çətin ki.dünyaya könül açam mən,

Daha qılığıma girənim yoxdur.

Dərd-qəmdən bar tutan bir ağacam mən,

Budaqlarım sınır...

Dərənim yoxdur.

Ana haraylayıb çox ağlamayın,

Taleyin duz yükü kürəyimdədir.

Torpağı havayı qucaqlamayın,

Bilin ki,

Ananız ürəyimdədir!..