Ələsgər ƏLİOĞLU- NƏ GÜNAH

Ədəbiyyat 18:02 / 16.08.2025 Baxış sayı: 2229

 

 

Yanılış da bir naxışdır... Heç özüm də

bilmirəm ki, bu "ustadnamə" hardan

gəlib doldu beynimə. Bir də göz açdım ki,

köçürmuşəm kağıza...

NƏ GÜNAH

(Ustadnamə sayağı)

Namərd baxsa kimə, üz tutsa nəyə,

Əl atar hiyləyə, yüz cür kələyə...

Şeytan hökm eləyib girsə ürəyə,

Ağızda nə günah, dildə nə günah.

Qismətsə qayada, daşda gül bitər,

Susuz səhranı da yaşıllıq örtər...

Tanrı tərəfindən bağlansa əgər,

Ayaqda nə günah, əldə nə günah.

Tale tutub çəksə özünə sarı,

Elçilər əlindən bezikər qarı...

Doldura bilməzsə şanını arı,

Çiçəkdə nə günah, güldə nə günah.

Olsa təbiətin haqdan qurğusu,

Hələ çiliyin də bitər qurusu...

Üzünə baxmasa nə yağış, nə su,

Çəməndə nə günah, çöldə nə günah.

Arxalı görünsə meydanda tülkü,

Aralıqda şirin tökülər tükü...

Dərinə getməsə ağacın kökü,

Tufanda nə günah, seldə nə günah.

Əlioğlu, səni çaşdırsa bürkü,

Yenə uzun çəkər taleyin görkü...

Bir kəs ki, daşıya bilməzsə yükü,

Çiyində nə günah, beldə nə günah.