Ələsgər ƏLİOĞLU : - LAÇINA GƏLMİŞƏM

Ədəbiyyat 08:45 / 03.04.2025 Baxış sayı: 1118

 

Ömür-gün yoldaşım İradə xanımın xatirəsinə

Laçına gəlmişəm, yer-yurd arayam,

Yaddaşlarda batan hayam, harayam...

Bu yurdun yanında üzüqarayam,

Mən qoşa getmişdim, tək qayıtmışam.

 

Ölüm-itim nədir, bilməmişəm ha.

Doyunca danışıb-gülməmişəm ha ...

Bu elə əliboş gəlməmişəm ha,

Sinəm həsrət dolu yük, qayıtmışam.

 

Keçdiyim bir ömür yolu yuxuymuş,

Bəzən xatirələr qara qorxuymuş...

Çəkmə imtahana məni ay yoxuş,

Daşı ətəyindən tök, qayıtmışam.

 

Sən də ay Həkəri, bil nədir dərdim,

Mənim illərimdən şən-şən ötərdin...

Bir vaxt şəklimizi qoşa çəkərdin,

Gəl indi tək durum, çək, qayıtmışam.

 

Hər cığırın, izin sinəmdə dağdır,

Ötən gəncliyimdən səsdir, soraqdır...

Hisslərim yararsız qalan torpaqdır,

Ay Laçın, di şumla, ək, qayıtmışam.

Mən qoşa getmişdim, tək qayıtmışam!..

23.07.2024