Aləmzər Sadıqqızı : - Ölümün üstünə atılan oğlan..

.
Bombanın üstünə atılıb neçə əsgərini xilas edən Şəhid mayor Elnur Əliyevə.
Ölümün üstünə atılan oğlan,
Ölümdən yuxarı qalxdın, bildinmi?
Göyləri endirdin ayağın altda...
Mələktək dünyaya baxdın, bildinmi?
Gördünmü qarışıb haqqın nahaqqa...
Dedinmi sözünü göydəki haqqa?
Bu namərd savaşda, MƏRD davranışla,
Düşməni yandırıb, yaxdın bildinmi?
Neçə can qurtardın, nə qədər həyat...
Qarşında baş əysin bütün kainat!!!
Ey nurdan yoğrulan, nur içində yat!!!
Nurtək ürəklərə axdın, bildinmi?
İnsanlıq dərsini verib yerlərə...
Şəhid tək ucaldın ulu göylərə!
O dönük, o nankor "bəyzadələrə"
Şərəfsiz adını taxdın, bildinmi?!
Özü öz əsgərin güllələyənin,
Bağçamda oturub bağı yeyənin,
Nə vicdan, nə namus, ar bilməyənin,
Başında qeyrət tək çaxdın, bildinmi?!
Ey mənim müqəddəs, ər, igid balam!
Kiçik məzarında ən uca QALAM!
Cismiylə torpağa gömülən OĞLAN
Ruhunla göylərə çıxdın, bildinmi?!!!
7.4.2016.