Ələsgər ƏLİOĞLU : - ANAKONDALAR

Ədəbiyyat 15:24 / 29.10.2024 Baxış sayı: 2786

 

(Böyüklər üçün "Uşaq şeirləri" silsiləsindən)

Nəhəng anakonda ilanları,

Yaşayır Amazonka sahillərində...

Bəzən suya baş vurur,

Ov axtarır dayazda, dərində...

Udur balıqları...

Cəngəlliklərdə də var-gəl eləyir;

Nə ov tutsa buraxmır,

Dişlərini də salmır işə,-

Sığıya-sığıya udur,

Mədəsində həll eləyir.

Udur...udur ovunu,

Ağına-bozuna da baxmır...

...Bu anakondalar daha

Yayılıb neçə-neçə məmləkətə...

Özlərinə məxsus menyu tutur;

Meyil salmır balığa,

Başqa-başqa ova ...

Hərisliklə var-dövlət,

Mal-mülk udur...