Ələddin Əzimli : - DEPO

Ədəbiyyat 20:53 / 06.04.2025 Baxış sayı: 704

 

Depoya döndü qatar,

metro qatarı.

Söndü vaqonların gur işıqları.

Dincəlməyə,

güc almağa,

sabah

tunellərin relslərini

dəmir təkərləriylə döyəcləmək,

yetərincə sakitləşmək,

əvvəlki tək

yenidən

depoya döndü qatar.

Mürgü içindəydi depo.

Qatarların çoxu yuxudaydı.

Eləsi

çoxdan depoya dönsə də,

hələ oyaqdı.

Qapıları, pəncərələri ayıqdı.

Depoya döndü qatar,

yollar səs-küylə dolsa da,

sərnişinlər

tunellərə boylansa da,

mənzil başına çatmaq istəyən

yorğun adamlar

relslərə layla çalsa da,

vaxt, zaman gözlərdən oxunsa da,

tunellərdə

yorğun-arğın dolaşsa da xəyallar

depoya döndü qatar...

04. 04.2025.