SƏN ÇIXA BİLMƏZSƏN MƏN ÇIXAN DAĞA - Idris Babayev

Sözüm sərt olsa da, qəlbim çox yuxa.
Məhv etmə özünü göz baxa-baxa,
Ay nadan, arzu tut, bəlkə çin çıxa,
Həyat imtahandır, çəkir sınağa,
Sən çıxa bilməzsən mən çıxan dağa.
Özgə sərvətiylə canın bəsləyib
Çoxu sənin kimi çıxmaq istəyib,
Hayıf ki, hamısı üzüstə dəyib,
And olsun müqəddəs pirə, ocağa,
Sən çıxa bilməzsən mən çıxan dağa.
Bu dağın keçilməz qayaları var,
Yolda pusqu qurub pələng, canavar,
Vallah yarıyolda meyidin qalar,
Özünü nə incit, nə də yor, qağa
Sən çıxa bilməzsən mən çıxan dağa.
Vaxtım yox xərcləyim sənə, əlqərəz,
İdrisəm, ölüncə, bil, məni heçkəs,
Tutduğum haqq yoldan döndərə bilməz,
Get amin söyləyib, çəpik çalmağa ,
Sən çıxa bilməzsən mən çıxan dağa.