Ələddin Əzimli : - CANIM SÖZÜM
Bəzi naşirlərə!
Əziz dostlar, növbəti şeirlərimin birində '"bəzi" sözünün əvəzinə mənə dəfələrlə yalan satan naşirlərin adını görəcəksiniz. Xahiş edirəm ki, bir az səbrli olaq.........
Sözümmü bu qədər ucuz,
özümmü nüfuzsuz,
gedib də
mənzil başına çata bilməyən, şeirim?!
Sən mənim qəlbimin duyğusu,
gecələrimin sən bitən yerdən
başlayan yuxusu.
Bu da səhərim.
Bu da ömrüm-günüm keçən kəndim,
məndən ayrı düşən şəhərim.
Yollarım açıqdir,
fikirlərim aydın,
əllərim sərbəst.
Gözlərim yaxşı seçir
hələ ki qaradan ağı.
Ey, başımın tacı,
Azərbaycan dilim,
üç rəngli bayrağım!
Bircə özümdən, yazdıqlarımdan
xəbər-ətər yox,
xeyir xəbər yox.
Ey, canım sözüm!
Niyəsini bilmədiyim bu sorğunun
cavabını gözləməkçün
daha nə qədər səbr edim,
neçə il dözüm?!.
12. 08. 2022.