Elə bir Sən ki...

Ədəbiyyat 23:21 / 18.08.2025 Baxış sayı: 2244

 

Bir sən tanıtmışam, özüm - özümə

Həsrət yarasına dərmandır deyə. 

Bir sən tanıtmışam, özüm - özümə

Ümid xəyallarım yaşasın deyə.

 

 

Bir sən tanıtmışam,

                             elə bir sən ki,

sözlər kifayətsiz,

                        dodaqlar susqun.

fikir, düşüncələr

                            dəyişməz, durğun.

bir sözlə təslimdir, 

                         bədənlə ruhum...

 

Bir sən tanıtmışam,

                         elə bir sən ki,

Xəyanət alovu,

                       yandırmaz səni.

Sədaqət saf, təmiz

                        büllur suyunda,

Yumub pak eləyib,

                             əbədi səni.

Bir sən tanıtmışam,

                          sənsiz yaşadır məni.

Sən yoxsan,

                   fəqət,

                       yoxluğun ağlatmır məni.

Sənin sənsizliyin,

                      gör nə gözəldir?

Üzmür,

             incitmir, sızlatmır məni.

 

Bir sən tanıtmışam,

                         elə bir sən ki...

Olub olmayacağı,

                         heç bəlli deyil.

O mənə aiddir,

                     o sənlik deyil.

Bir gün sən gələrsən,

                         elə bir sən ki...

Donar baxışlarım,

                       peşman olaram.

Sənin təsvirinə,

                        birdə başlaram.

 

Ayxan Hüseynli

AYB-nin üzvü