Əkbər Əlioğlu ,filologiya üzrə fəlsəfə doktoru : - SATİRİK ŞEİRMİZİN LAYİQLİ DAVAMÇISI
Şair öz əsərləri ilə ictimai tərəqqiyə nail olmaq işində ölkə rəhbəri ilə birləşirsə nə xoş. Bu gün bizim cəmiyyətdə qorxu içində yaşayan, təhdid edilən şair yoxdur, haqsızlıqları, özbaşınalığı, qeyri bu kimi münasibətləri görüb ona dözümsüzlük göstərən, cəsarət edib tənqidi islah yolunu seçən, məmurların zorundan çəkinməyən şairlərimiz isə az deyil. Onlardan biri də istedadlı şair Rafiq Musadır. Yaşının piran çağındadır. 1971-1975-ci illər arasında filoloji təhsil alıb, indiyədək ondan artıq şeir kitabları nəşr olunub. Bu yazının belə bir girişlə qələmə alınmasına səbəb 2024-cü ildə çap olunmuş “Ömrüm, məni bağışla” kitabında özlərinə yer almış satirik şeir və təmsilləri oldu. Qərara aldıq ki, məhz onların ideya-bədii məziyyətləri, poetik strukturası, metaforik təbiəti, mövzu genişliyi barədə yığcam olaraq öz təssüratlarımızı oxucularmızla bölüşək.
Rafiq Musanın ümumi yaradıcılığı etibarilə toxunduğu mövzular rəngarənqdir. Bu rənqarənglik onun satirik şeirlərində və təmsillərində özünü doğruldub. Müxtəlif məzmunlu və diqqətçəkən mündəricəli bu şeirlər ifadə tutumu, təsir arealı baxımından maraqlı və oxunaqlı bir səpqidə yazılıblar. Poetik vüsət və deyim mükəmməlliyi qazandığına və ictimai eybəcərlikləri klassik satiriklərimiz kimi ifşa edib qamçılaması baxımından, canlı və təzə nəfəsli bir ovqatda olmaları nöqteyi nəzərindən şair bu şeirləri ilə ustad sənətkar təsiri bağışlayır. Bu cəhətdən də qərarlaşdırdıq ki, onun haqqında yazmağa dəyər və bu vacibdir.
Budur, şair “çirkin bələyə bürünən”, “barıt-çəlləyə dönən” dünyada insanları belə xarakterizə edir:
Əyrilər yetiblər mənsəbə, vara,
Qalmışıq ayaqdan, əldən avara.
Biri kara qaçır, bir havara,
Cib kəsən dəlləkdən ağlın nə kəsir?
Şair beləcə “Dəyirman daşı olan” dünyanı,”dən olan” insanın taleyinə bəşəri bir ağrı, yaşantı kimi, məsuliyyət borcu kimi yanaşır, “ipdən asılmış köynək kimi çarmıxa çəkilən” insanların haqqının müdafiəsinə qalxır. Hərdən “quzey qarı tək kövrələn”, “hərdən bir daş kimi dərə dibində”, hərdən də “durnaların köçündə görünən şair” bütün şər işlərin başında insan nəfsinin doyumsuzluğunu görür, insanlığın günahlar içində əzablara bürünməsi qənaətinə gəlir.
Biz bilən tamahın yaşı bilinmir,
Adəmdən, Həvvadan yönü bəridi.
Bizim günahımız hesaba gəlməz,
Üzdə olanlar da mində biridi.
Şairin satirik tənqidi düşüncələri əsasən “Dostum Dubaydan gəlir”, “Tükənməyən arzular və ya dedi-qodu”, “Can gülüm, can-can”, “Sən özünə şair demə”, “Alim deyil”, “Öyrətmə”, “Ay can, ay can”, “Paxıl olma”, Mənə nə”, “Gün güzəran düzəlmir”, “Gönü suya vermə”, Əliəyrilər”, “Bu heyvərə mən deyəndi”, “Oxuyacam əl çəkin”, “A qardaş oğlu”, “Şirin yuxu gördüm”, “Bəzi məmurlara”, “Söyməlisən, vəssalam”, “Xoflu adam”, “Dodağını büzmə, bala” və s. şeirlərində toplanmışdır. Yuxarıda qeyd etdiyimiz cəmiyyət üçün qara yaraya çevrilmiş bütün neqativ, pis əməllər bu şeirlərdə təsvir və tənqid olunmuşdur. Bu baxımdan “Dünənin, bu günün nağılı” və “Tükənməyən arzular və ya dedi-qodu” şeirləri daha səciyyəvidir. Birinci şeirdə ömür, tale yolu, ümumi yaşam tərzi 46 bəndlik deyimlərdə, ikinci şeirdə isə müasir cəmiyyətimizdəki “maralların” ifşası isə 112 bəndlik ikinci şeirdə reallaşmışdır. Təkcə elə bu iki şeirə münasibət ayrıca bir təhlil obyekti sayıla bilər. Şairin “marallarının” simasını, əməllərini, onların ifşaolunma tərzindəki bədii çəkərliyi görmək üçün lazımdır ki, kitabla fərdi qaydada tanışlıq yaradasan. Şairin bir sıra şeirlərində tənqid ümumi ictimai həyata qarşı yönlənib. Elə bu qəbildən olan şeirlərin mətnində konkret ünvanlarında satirik yolla ifşasını görə bilirik.
Hər kəs ağayam deyir,
Şüurlarda davadı.
Partiyalar cürbəcür,
Hava köhnə havadı.
Kotanı dərin bağla,
A rəis, üzdən gedir.
Gömrükdən gələn sizə,
Gedənlər bizdən gedir.
Özəlləşmə adıyla,
Təpə idik, düz olduq.
Əmlak özəlləşmədi,
Özəlləşən biz olduq.
Neçə dona giririk,
Seçib-seçiləndə biz.
O qədər səs vermişik,
İtib-batıb səsimiz.
Beləcə, polislərin, sahə müvəkkillərinin, küçələrin təmizliyinə baxan rəhbər işçilərin, qaz işçilərinin, bazar müdirlərinin, baytar həkimlərin, bir sözlə müxtəlif sahələrdə iş başında olan məmurların özbaşınalığı, rüşvət almaları, bürokratizmi, fırıldaqçı əməlləri satira güzgüsündə ifşa hədəfləri kimi təqdim olunub. Bu cəhətdən Sabiranə tərzdə yazılmış “Əliəyrilər”, “Bu heyvərə mən deyəndir”, “Ay can, ay can”, “Mənə nə”, “Gönü suya vermə”, “Əliəyrilər”, “Oxuyacam əl çəkin”, “Bu çarxı-fələkdən”, “Oğluma nəsihət”, “Bəzi məmurlara”, “Söyməlisən, vəssalam”, “Dodağını büzmə, bala” və s. kimi şeirlərin də tənqid hədəfləri fərdi ünvanlı olsalar da, dərin və kəsərli ictimai məzmun kəsb edirlər. Bu şeirlərin özəlliyi əsl iti müşahidəyə, ümumiləşdirmə və fərdiləşdirmə sənətkarlığına, gözəl poetik təfəkkürə malik istedadlı bir şairin qələmindən çıxmalarındadır.
Bədii yaradıcılıqda təmsil janr etibarilə rəngarəng formalarda olub, məzmun etibarilə alleqorik obrazlarla ifadə olunaraq həyatın bütün neqativ tərəflərinə işıq salaraq yumor, gülüş fonunda tənqid və ifşaedicilik missiyasında olurlar. Təbii ki, bu fikrimiz onun tərifi deyil, ümumi məzmun və ideya, forma məriyyətləri ilə uzlaşan şəxsi qənaətimizdir.
Bu minvalla “Uşaq pulu məsələsi”, “İcra başçısının seyfi”, “İki cəbhə”, “Özəlləşən həyət” və s. kimi təmsillərdə cəmiyyətdəki cari neqativliklərin cirkaba batmış sifəti əks etdirilməklə ictimai qınağa məhkum edilib. Belə ki,
Yazar var, yazmağı var,
Nə yoğurur, nə yapır,
Nazirlərin əlindən
Hazırca kökə qapır.
(“Hazır kökə”)
Yaxud
Bu şair qəliz yazır,
Anlatmayır heç kəsi,
Sözlərə düyün vurur,
Açılmır “fəlsəfəsi”.
(“Belə də olur”)
Şairi belə olan cəmiyyətdə hətta filə də yaltaqlıq öyrətməyin üsulları tapılır.
Üzü üstə sürüyüb,
Sındırdılar qolunu.
Filə belə öyrətdilər
Yaltaqlığın yolunu.
(“Təlim”)
Şərhsiz burada müəllifin nəyə işarə etdiyini duymaq çətin deyil.
Bu minvalla təmsillərdə şairin “maralları” – xoruz, toyuq, pişik, qoduq, keçi, tülkü, siçan, hörümçək, donuz, dovşan və s. ilə qabaqlaşır, onların simasında cəmiyyətin yaraları ilə tanış oluruq.
Qeyd edək ki, Rafiq Musa yeri gəldikdə siyasi satiraya da müraciət edərək iç və diş reallıqları tənqid etməkdən çəkinməmişdir. O, böyük Sabirimiz kimi güclü ironiyalardan istifadə edərək tənqid çubuğunun kəsərini artımlı etmişdir.
Bərk bağlayın yolları,
Ac Ayı, Tülkü gəlir.
Şimaldan soyuq külək,
Cənubdan bürkü gəlir.
(“Hava haqqında məlumat”)
Biz ördəyə səs verdik,
Səs yayıldı, az çıxdı.
Ördəyi gözləyirdik,
Qutumuzdan qaz çıxdı.
(“Gülməlidi”)
Bu nümunəyə də təhlil əvəzinə bir sözlə qiymət vermək olar; - Şərhsiz...
Rafiq Musa ədəbiyyatımızda o şairlərdəndir ki, istedadlı və bənzərsiz olduğunu təsdiq edib. Zənn edirik ki, ədəbi ictimaiyyətimizi təmsil edənlər, xüsusən tanınmış və görkəmli yarlıqlarını qazanmış şair və yazıçılarımız da firkimizin gerçəkliyini qəbul edəcəklər. Şair təkcə elə bu satirik şeirləri və təmsilləri ilə klassiklərimizin ədəbi varisliyini ləyaqətlə təmsil edə bilib. Buraya onun geniş və dərin ictimai-fəlsəfi şeirlərini, məhəbbət lirikasını da əlavə etsək onun şairlik siması daha da dolğunlaşacaq, bütövləşəcək. Və gözümüz qarşısında istedadlı bir şairin seçimlik qazanmış portretini asanlıqla görə biləcəyik.
Ona yeni-yeni yaradıcılıq onalıqları və can sağlığı diləyirik.
10.XII-2024.