Ədalət SALMANIN ŞEİRLƏRİ
BAYRAĞIM
Çox məşəqqətlər çəkdi
Elimiz Qarabağda.
Ucaltmağa çatmadı
Əlimiz Qarabağda,
Səni öyə bilmədi
Dilimiz Qarabağda.
Gör neçə il yaşadıq
Bu həsrətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
İgidlərin zərbindən
Tülkü tək qaçdı yağı.
Zirvələrə sancıldı
Qalibiyyət bayrağı.
Dosta Zəfər müjdəsi,
Düşmənə sən göz dağı.
Bədxahlarım boylansın
Qoy həsədlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Varlığınla tanıtdın
Dünyaya bu Vətəni,
Öpüb gözümüz üstə
Qoymuşuq hər vaxt səni.
Neçə şəhidin oldun
Sən müqəddəs kəfəni.
Anırıq ehtiramla,
Fəxarətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Sən sülhün keşikçisi,
Səadət nişanəsi,
Haqq-ədalət carçısı,
Həqiqət nişanəsi.
Bu torpağın, bu xalqın
Sən qeyrət nişanəsi,
Durdun düşmən önündə
Mətanətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Vətənimin adıyla
Adın çəkilir qoşa.
Hər dəfə yüksələndə
Qəlbimiz gəlir cuşa.
Günəş tək ucal göyə,
Ucalarda hey yaşa!
Seyr etsin Türk dünyası
Məhəbbətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
ŞƏHİDLƏR XİYABANI
Ayaq saxla, asta keç
Şəhidlərin yanından.
Onlar Vətən yolunda
Keçiblər öz canından.
Bayrağım da rəng alıb
Şəhidlərin qanından.
Burda uyuyur neçə
Müharibə qurbanı.
Ziyarət et buranı,
Olsun ziyarətgahın
Şəhidlər xiyabanı.
Hər şəhidə qoyulan
Bir heykəldi başdaşı.
Burda daşları yuyur
Anaların göz yaşı.
Şəhidlərin müqəddəs
Ruhu burda dolaşır.
Ehtiramla yad elə
Əziz tut bu məkanı.
Xalqımın qan yaddaşı,
Bir ölməzlik dastanı,-
Şəhidlər xiyabanı.
İgid oğullarıyla
Vətən hər vaxt öyünür.
Şəhidlərin ürəyi
O məşəldə döyünür.
Qürur hissi keçirir,
Qəlbimiz dağa dönür.
Bu yurdun yaxasında
Bir fəxarət nişanı.
Müqəddəs and yerimiz,
Əbədiyyət ünvanı,-
Şəhidlər xiyabanı,
Şəyidlər xiyabanı!
QƏLBİMİZDƏ YAŞAYIRSINIZ
Qarabağ döyüşlərində itkin düşmüş
şəhidlərimizə
Can fəda etdiniz bu yurd uğrunda,
Siz şəhid adını daşıyırsınız.
İtkin düşsəniz də Vətən yolunda,
Elin yaddaşında yaşayırsınız!
Düşmən endirəndə bayrağımızı
Silaha sarılıb öndə getdiniz.
Aldıq səngərlərdən sorağınızı,
Əsir torpaqları azad etdiniz.
Qalmadı düşmənin daşı daş üstdə,
Yenə dalğalandı məğrur bayrağım.
Özünüz geriyə dönməsəniz də,
Geriyə qayıtdı öz Qarabağım.
Vətən öz qoynunda dəfn edib sizi,
Hamı yad eləyir xeyir - şərində.
Mələklər qaldırıb cənazənizi
Tanrı dərgahına çiyinlərində.
Can gəda etdiniz bu yurd uğrunda,
Siz şəhid adını daşıyırsınız.
İtkin düşsəniz də Vətən yolunda,
Bizim qəlbimizdə yaşayırsınız!
MƏMMƏD ARAZ MİZANI
Niyə belə korşalıbdı söz silahımız,
Kürsülərdən şerimizin gəlmir harayı.
Kimlərinsə ucaltdığı imarətlərin
Kölgəsində yoxsa, qalıb şeir sarayı?!
Həyat sıxır niyə halal, düz adamları,
Saf qəlblilər niyə belə hörmətdən düşür?
Gündən-günə unudulur söz adamları,
Şerimiz də gündən-günə qiymətdən düşür.
Günahkarıq, oxucumuz düşübsə küsgün,
Unutmayaq, yaxşı şerin hər vaxt acı var.
Şerimizin şah vüqarı əyilib, bu gün
Məmməd Araz mizanına ehtiyacı var.
ZİYARƏTİN QƏBUL OLSUN
İmkansıza xüms, zəkat,
Bir xəstəyə verib həyat,
Bir yetimin könlünü şad
Etmisənsə, qəbul olsun!
Körpü saldırıb çayına,
Yol çəkdirib öz payına,
Çətin gündə el hayına
Yetmisənsə, qəbul olsun!
Ol əməli-saleh sayaq,
Biz də səni Hacı sayaq.
Kimsəsizə olub dayaq
Getmisənsə, qəbul olsun!
NECƏ ALDADIM ÖZÜMÜ
Üzü üzlər görənlərdən
Qaçıb gizlədim üzümü.
Dedim, uzaq olaq şərdən,
Əyri yozdular düzümü.
Qapı açılır oğruya,
Baxan tapılmır doğruya.
Ürəyim düşüb ağrıya,
Daha qalmayıb dözümü.
Çoxu zatını bildirir,
Xalqı özünə güldürür.
Baxıb, qurdunu öldürür,-
Mən tox saxladım gözümü.
Min əzab gördüm, ölmədim
Dərdi tək çəkdim, bölmədim.
Əyilmək nədir, bilmədim,
Dedim hər vaxt haqq sözümü.
Başım daşdan daşa dəyib,
Məni yağış, tufan döyüb.
Yalandan xoşbəxtəm deyib,
Necə aldadım özümü?!
BOŞ VER, A ŞAİR, BOŞ VER
Başını sal aşağı,
Çalış arı sayağı.
Görsən dayaz, bayağı,
Boş ver, a şair, boş ver.
Uzaq ol quru şərdən,
Enmə durduğun yerdən.
Zümzümə et şeirdən,
Boş ver, a şair, boş ver.
Yanından saymazyana
Öt, qalsın yana-yana.
Çətin ki, qanmaz qana,
Boş ver, a şair, boş ver.
Şax dur, nə sın, nə əyil,
Düz əyrini kəsir, bil!
Qozbel düzələn deyil,
Boş ver, a şair, boş ver.
Pislik etsə də, nadan,
Qalma yaxşılığından.
Yorulacaq daş atan,
Boş ver, a şair, boş ver.
Fərq etməz onu öysən,
Ya da üzünə söysən.
Dağ tək səbrinə söykən,
Boş ver, a şair, boş ver.
ÖZÜNÜ DAĞ SANMA
Bir az sadə, səmimi,
Bir az istiqanlı ol.
Ürəyi yanan kimi
Bir az da dostcanlı ol.
Heç kəsə rişxənd etmə,
Öz gözündə tiri gör.
Gəl, çox da göylə getmə,
Aşağı en, yeri gör.
Elə salamsız keçmə,
Salam Allah kəlamı.
Hər şeyi varla ölçmə,
Salam ver, al salamı.
İnsanlığın yoxdusa,
Hər kim də olsan, heç nə.
Şair də olsan, heç nə,
Həkim də olsan, heç nə!
El də qınayır, amma,
Almırsan vecinə sən.
Özünü bir dağ sanma,
El gözündə heç nəsən!
ÜMİDİNİ YAŞADAQ
Biri əl açdı mənə,
Əl tutub xoş dindirdim.
Nə yaxşı, bu gün yenə
Bir qəlbi sevindirdim.
Yaxşılıq eləsək də,
Bunu kimsə bilməyə.
Qoymayaq insanların
İnamını ölməyə.
Küsüb yatan bəxtləri
Oyatmağa "daş ataq".
İnsanların sabaha
Ümidini yaşadaq!
ZÜLÜMƏ BAX...
Sən yoxsan, bir boşluq var
İçimdə neçə gündü.
Bir ruh kimi gəzirəm,
Bu həyat yox, sürgündü.
Halsız halımı görən
Ölümü güldürürəm.
Ötməyib, acıq verən
Vaxtı da öldürürəm.
Sən yoxsan, dünya bomboş,
Hər şey düşüb gözümdən.
Səni küsdürdüyümçün
Küsmüşəm öz- özümdən.
Yaşamaq, həyat eşqim,
Mənim ürək dərmanım.
Dönməsən, oxunacaq
Bil ki, ölüm fərmanım.
Elə pəjmürdəyəm ki,
Düz yolu da azıram.
Zülümə bax... bu yaşda
Həsrət şeri yazıram...
AH... O SƏNLİ GÜNLƏRİM
Ah... o sənli günlərim
Geri qayıda bir də.
Qəfil yağış başlaya,
Olmaya bir çətir də.
Yağışdan gizlənməyə
Yer də tapa bilməyək.
Yağış islatsın bizi,
Qaçıb evə gəlməyək.
Dabanını qaldırıb
Yenə sarıl boynuma.
İslanmış cücə kimi
Alım səni qoynuma.
Yanımızdan ötənlər
Baxıb "dəli", söyləsin.
O tum satan qarı da
Yenə bizi söyməsin.
Baxmayıb baxışlara
Ürək deyəni edək.
Yenə yağışın altda
Tutub əl - ələ gedək...
...Heyif, gənclik illərim
Geri qayıtmaz bir də.
Yaşar sənli günlərim
Şirin xatirələrdə.