Əbülfət Mədətoğlu : - Utancaq ŞEİR

Ədəbiyyat 10:29 / 21.04.2024 Baxış sayı: 3338

 

İlaxır çərşənbə qapımı kəsdi

İçimdən boğanaq gilavar əsdi...

Bayram ovqatına cəhdim əbəsdi -

Gizlincə mən onu ürəyə taxdım...

 

Səsin xatırlayıb, fındığın, qozun

Çırpdım yaddaşımdan zamanın tozun!..

İstəyir yüz yerə, min yerə yozun -

Heç nəyə yaramır cibi boş vaxtım!

 

Sirdi mənim üçün yaşamın kodu,

Qarsıyır üzümü bazarın odu!

Tərslikdən çatışmır suyun da yodu -

Güzgüdə bir daha özümə baxdım!..

 

Düşünmək bu qədər de, ta bəsdimi?

Öldürür içimdə gün təbəssümü!..

Biraz ucuzvari Çin təbəssümü -

Onu da tapmadım - gülmədi baxdım!