Fərhad Ələkbərov :- 25  yaşın mübarək, şəhidim FƏRİD!

Gündəm 12:40 / 25.04.2024 Baxış sayı: 2232

 

 

 

Dayanmışıq üz-üzə...Soyuq  məzardaşından baxan şəkili ilə söhbət  etməyə  çalışıram... Daşlaşıb tarixləşmiş  bu  şəkilin sahibiçox  qısa bir  ömür  yaşasa da, amma  əbədi  yaşamağı haqqını  ucaldığı şəhidlik zirvəsi ilə qazanmışdı... Şəhidlər  xiyabanında uyuyan  ŞAMİLOV FƏRİD MİRZƏ oğlu 4 may 1999-cu ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə doğulmuşdu. Elə  orta  təhsilini də bu  şəhərdəki  16 saylı tam orta məktəbdə  başa  vurmuşdu.

Onu  yaxşı tanıyanların dediklərindən məlum olur ki, Fərid hələ uşaq yaşlarından öz yoldaşlarından qoçaqlığı və mehribanlığı ilə çox seçilirmiş.. İgidimiz onu tanıyanların xatirəsində gülərüz və səmimiyyəti ilə yanaşı həmçinin də vətənpərvərliyi ilə də  qalmışdır. Onun  qoçaqlığı və vətən sevgisi haqqında hamı  çox  böyük  həvəslə  danışır və  vurğulayırlar  ki,  bu  xüsusiyyətlər  onu  hamıdan, ən çox da yaşıdlarından fərqləndirirdi. Eləcə də  böyükdən-kiçiyə hər kəsə köməkliyini əsirgəməyən Fərid çox qayğıkeş  və mehriban biri olaraq da yaddaşlarda qalıb. Uşaqlıqdan vətəninə, torpağına bağlı olan Fərid onu tanıyanların sevimlisi və hər bir işdə fəal, dürüst, qoçaq bir oğlan idi.Ailənin böyük övladı olan Fərid özündən kiçik bacı və qardaşına nümunə, həmyaşıdlarına örnək olmağı bacarmışdı.

            2005–2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alan Fərid bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi olmaqla  dərslərinə hazırlığı, nizam-intizamı, tərbiyəsi, nümunəvi davranışı və özünəməxsus xarakteri ilə də məktəbdə yaşıdlarından seçilirdi.

         Həyat elə  gətirdi ki,  2013-cü ildən döyüşə  getdiyi tarixə  qədər Fərid  atası Mirzə və nənəsi Tamara xanımın himayəsində yaşadı, böyüdü . Ona  görə də daha çox ünsüyyətdə olduğu nənəsi  Tamara xanıma tez-tez deyirdi ki,   "Nənə, gedib Şuşanı  ermənlərin əlindən  alacam, sənidə aparacam   azad Şuşamıza!…"

       Orta  təhsilini  başa  vuran     Fərid Şamilov 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə yolla salınıb. Füzuli rayonunun Haramı düzündəki N saylı hərbi hissədə ön xətdə xidmət edib. 2019-cu ildə yanvarın 9-da hərbi xidmətini  başa  vurub doğulduğu şəhərə qayıdıb. Özəl şirkətlərin  birində mühafizəçi olaraq əmək fəaliyyətinə başlayır. Səfərbərlik elan olunanda o işini və gələcək həyatını ikinci planda saxlayaraq döyüşlərdə iştirak etməyi özünə borc bilir. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə ərizə ilə müraciət edirək orduya  getmək istədiyini  bildirib. Onun bu istəyi  müsbət qarşılanıb . 21 sentyabrın 2020-ci il tarixində o yenidən xidmətə çağrılıb. Həyat elə gətirdi ki,  Qusar rayonunda bir müddət təlimlər keçən Fərid əsgər  yoldaşları ilə birgə   sentyabrın 27-də döyüşə yollanır.

 Hələ ilk əsgəri  xidməti  zamanından   tanıdığı  Füzuli istiqamətində gedən döyüşlərə   qatılan  Fərid  məharətlə vuruşurdu. Zəngilan, Xocavənd, Cəbrayıl, Şuşa və Laçın rayonları uğrunda gedən döyüşlərdə  Fərid vətənə layiqli övlad olduğunu xidməti ilə sübut edir. Fəridin atasına axırıncı telefon zəngi son döyüşündən bir gün əvvəl - noyabrın ayının 7-sində  oldu.

Telefonla danışanda; "ata, sən ala bilmədin, amma mən aldım o torpaqları. Şuşa bizimdir, sən narahat olma”, - dedə Fərid. 

Burada xatırlatmaq lazımdır ki, Fəridin atası I Qarabağ savaşının iştirakçısı olan Mirzə Şamilovda  oğlunun bu  sözlərindən sonra  kövrək səslə onunla  ila qürur duyduğunu, onunla fəxr etdiyini bildirir. Gözləri dolan ata, bircə kəlmə dedi :

 - Sağ ol, oğlum!

2020-ci il noyabrın 8-dən 9-na keçən gecə Xocavənd rayonunun Qırmızı Bazar kəndində ağır döyüşlər gedir. Çətin şəraitdə yaralı silahdaşlarına köməkliyini əsirgəməyən igidimiz minamyot atəşindən ağır yaralanaraq qəhrəmancasına şəhid  oldu. 44 günlük Vətən Müharibəsi qəhramanları sırasında olan Fərid tarix yazaraq şəhadətə qovuşdu. Onunla  Vida mərasiminə toplaşan Müdafiə Nazirliyinin əməkdaşları, şəhər icra hakimiyyətinin nümayəndələri və yüzlərlə şəhər sakinlərinin iştirakı ilə Fərid Şamilov Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olundu.

1993-1997-ci illərdə I Qarabağ müharibəsinin döyüşçüsü , bu  gün isə şəhid  atası olan Mirzə Şamilova oğlunun cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağı  təqdim olundu. Həmin bayrağı sinəsinə sıxan ata özünü  toparlayıb - Vətən sağ olsun!- dedi.

Bu  Zəfər gerçəkliyi

Ərzi heyrətə saldı...

Bizi özünə çəkən -

Torpaq Qələbə çaldı!

 

Bəli, bu  gün  canından artıq sevdiyi  VƏTƏN  uğrunda şəhid  olan  Fərid Mirzə oğlu  Şamilov Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə  ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

          Bu gün 25 yaşını cənnətdə qeyd edən Şəhidimizin mövlud günüdür. Mehriban və gülərüzlüyü , dürüstlüyü  və qoçaqlığı ilə yadda qalan Fərid daim onu sevənlərin qəlbində yaşayacaq.Bu bir  həqiqətdir ki, ŞƏHİDLƏR ÖLMÜR!!!