Əbülfət Mədətoğlu : -  Sənin ad günün

Ədəbiyyat 07:28 / 29.02.2024 Baxış sayı: 2296

 

(Köhnə dəftərdən " Bir Qadına"...)

Nə qədər etsən də sən, inad, günüm -

Sənin ad günündü - mənim şad günüm!..

Digər günlərimi sayıb " yad" günüm -

Qafiyə gəzmədim misralarıma...

 

Günəş qaranlığın yaxasın sökdü,

Baxışım sevgimi üstünə tökdü!..

Ömür özü hopdu, ruh özü çökdü -

Mən heç nə düzmədim misralarıma!..

 

İstəyim "SEVİRƏM!" - o bir sətirdi,

Adının yozumu dalğa gətirdi!

Şerim bəyəndiyin köhnə ətirdi -

Sən dodaq büzmədin misralarıma!..

 

Dilimi sevgiyə adınla açdım,

Hər kəsdən sevdiyim qadınla qaçdım !..

Mən sözün başına çox oyun açdım -

Saxtasın süzmədim misralarıma...