Əbülfət Mədətoğlu : - Özümlə üz-üzə ...
Bir üzü qaranlıq, bir üzü sükut
Əyilir üstümə təklik kabusu...
Sanki buxarlanıb azalır umud -
Çırpılır üzümə onun qapısı...
Xəlbirdə daşınan suya bənzəyir,
Səssiz itirilən ömür günləri...
Hara naxış olur, nəyi bəzəyir
Ayın yarı kösöv - kömür günləri!..
Ağırlıq mərkəzi olandan ürək,
Artıq düyün düşüb qollar sinədə...
Tənhalıq adlanan işgüzar mələk -
İndi əl qoyubdu özəl günə də!
Mənzərə dözülməz, vaxt da kirkirə
Üyünən xəyallar tökülən yarpaq...
Arabir dalıram dərin fikirə -
İsinər qovuşsaq üşüyən torpaq!...