Əbülfət Mədətoğlu : - İki kitab – bir ömürdən danışır…

YAZARLAR 10:49 / 23.01.2025 Baxış sayı: 294

 

Hər bir söz adamı söz ömrü yaşaya bilmir. Gərək elə söz yazasan, elə söz deyəsən ki, yaddaşa yazılsın, tarixə hopsun və o söz də istifadə olunduqca, təkrarlandıqca sahibi də, yəni müəllifi də yada düşsün. Bu mənada qədim bir deyimi xatırlamaq yerinə düşər. Atalar deyib ki, «Hər yazandan Molla Pənah, hər oxuyandan Cabbar olmaz». Bu mənada təkcə tarixin yaddaşında yox, elə bugünümüzün özündə də yetərincə söz yaradan, söz yazan, söz deyən, söz xiridarları və onların yanında da «sözqoşanlar» var. Bax o söz yaradanlardı günümüzün tərcümanları, yaşadanları, sabaha aparanları. O biriləri isə sadə el dili ilə desək, «ələkçinin qıl verənləri»di.

Bütün bunlar elə belə yazı xatirinə ağlımdan gəlib keçmədi. Bütün bunları dilə gətirməsi üçün xatırladığım və kitabı göz önümdə olan ustadıma, xalq şairi Zəlimxan Yaquba borcluyam. Necə deyərlər, o dindirdi ürəyimi. Mən də içimdən gəlib keçənləri elə onun öz xeyir-duası ilə oxuculara çatdırmaq istədim. Əslində bu xeyir-duanın bir vasitəçisi də var. O da ustaddan sonra onun kitablarını, yazılarını nəfis şəkildə bizlərə çatdıran əməkdar mədəniyyət işçisi Musa Nəbioğludu. Dəyərli ziyalımız, kifayət qədər sözünə, özünə hörmət edən Musa Nəbioğlu yeni ilin ilk həftəsində mənə möhtəşəm hədiyyə göndərdi. Son dərəcə təqdirəlayiq və son dərəcə könlümü xoş edən bu hədiyyələr Musa müəllimin nəşrə hazırladığı və redaktoru olduğu «Zəlimxan Yaqub məqalələr, müsahibələr» və bir də «Zəlimxan-özü var xatirələrdə (II kitab)» adlı ustadın özünə layiq kitablardı. Elə birinci kitabın arxa üz qabığındakı misralarda ustadım sanki günümüzü, güzəranımızı, hətta mənim indiki övqatımı görürmüş kimi, duyurmuş kimi yazıb:

 

Mənim yazdıqlarım yerdə qalarmı,

Düşəcək hamısı kitaba bir-bir.

Böyük mətləbləri, böyük dərdləri

Düzənlər düzəcək hesaba bir-bir.

 

Bəli, bu bir həqiqətdir ki, ustadım özünün də dediyi kimi, onun yazdıqları yerdə qalmayacaq, duyanlar, duyğusallar, düşünənlər, düşündürənlər, sevənlər, sevindirənlər, bir də ilahi sözə könül verənlər qoymayacaq yerdə qalsın Zəlimxan sözü. Necə ki, özünün cismən olmadığı, amma ruhunun bizimlə olduğu 75 yaşında bu cür kitabların oxucu önünə çıxarılması mənim dediyimin gerçək bir təsdiqidir. Hətta kitabın redaktoru Musa Nəbioğlunun yazdığı kimi Zəlimxan Yaqub öz sağlığında 50-ə yaxın şeir kitabının dünyaya gəlişinə şahidlik edib. Özündən sonra isə onun bir-birinin ardınca xeyli kitabları işıq üzü görüb. Ən möhtəşəmi şəxsən ustadımın mənə bağışladığı və adının, yəni Zəlimxan Yaqub imzasını oxucuya göstərən hərflərin sırasının düzümü olan 13 cildlik böyük bir xəzinədir. O kitabları sıra ilə düzəndə kənardan hərflərin ardıcıllığı sənə mənəm – Zəlimxan Yaqubam! – deyir.

Bax elə indi masasın üzərində olan «Zəlimxan Yaqub məqalələr, müsahibələr» kitabını vərəqlədikcə ustadımın bir-birindən maraqlı fikirləri ilə qarşılaşıram. Onun həm öz məqalələrində, həm də mətbuat üçün verdiyi müsahibələrdə nə qədər səmimi olduğu gün işığı kimi aydın olur. Son dərəcə odlu, alovlu ürək sahibi olan Zəlimxan Yaqub bu kitabdakı hər bir fikri ilə oxucunu öz dünyasının qonağı edir, özünü təkrar xatırladır. Elə bilirsən ki, üz-üzə, diz-dizə oturub söhbətləşirsən, dərdləşirsən Zəlimxan Yaqubla və bir də kitabdakı zaman özü göstərir ki, istər 2010-da, istər 2016-da bir fərq etmir. Birmənalı olaraq bütün müsahibələr boyu zaman dipdiridi. Ona görə ki, ustad özünün dünyaya baxışı ilə bütün zamanların içərisində var olduğunu təkcə münasibəti ilə deyil, həm də dilə gətirdiyi misraları ilə oxucuya çatdırır, oxucunu inandırır. Bax, bu mənada mən əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun adıma pay etdiyi kitabların nə qədər dəyərli olduğunu təkrar vurğulayıram.

Masamın üzərində olan ikinci kitab isə Zəlimxan Yaqub barəsində yazılanlardan ona həsr olunmuş şeirlərdən, ona ünvanlanmış təbriklərdən ibarətdir. Böyük məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, bu kitabda mənim də imzam yer alıb, yəni ustadımla bağlı ayrı-ayrı vaxtlarda yazdığım 3 məqalə Musa Nəbioğlunun diqqətindən yayınmayıbdı. Buna görə mən Musa müəllimə minnətdarlığımı bildirirəm.

Düşünürəm ki, bu kitabda Azərbaycanın çox dəyərli imza sahiblərinin  , yəni  Qəzənfər Paşayev, Rüstəm Kamal, Ramiz Göyüş, Şahismayıl Şəmmədoğlu, Elşad Barat, Şəhanə Müşfiq, Barat Vüsal, Əlizadə Nuri, Cavad Zeynallı, Böyükxan Bağırlı, Qələndər Xaçınçaylı, Müzahim İsmayılzadə, Səadət Buta, Nurhafiz  və digərlərinin bir-birindən maraqlı məqalələri, şeirləri ilə tanış olmaq ,ustadı yenidən xatırlayıb ruhuna dua etmək hər kəsin ürəyincə  olacaq.

Ümumiyyətlə isə 75 illiyini qeyd etdiyimiz xalq şairi Zəlimxan Yaqubun özünü və sözünü təkcə onun yubileyi ilə bağlı deyil, hər gün xatırlamaq dəyərli sözə, yaşayan sözə yaxşı bir ehtiramdır. Mən bunu belə qəbul edirəm və ustadımın ruhunu salamladığım bir vaxtda kitabı ərsəyə gətirənlərə də təşəkkürümü çatdırıram. Son olaraq bu kitabın arxa üz qabığındakı misraları da diqqətiniziə çatdırıram.

 

Dünya mənim idi mən olmamışdan,

Bilirəm dünyaya mən nəyə gəldim.

Yazıldı alnıma sözün qisməti,

Sözümü zamana  deməyə gəldim.

 

***

Ürəyində buz yaşamaq faciə,

Yarasında duz yaşamaq faciə.

Çox yaşamaq, az yaşamaq faciə,

Mən zamanı zamanında yaşadım.

 

***

Daha gecdi, könüllərdə kitabım var,

Qat-qat olan qayaların qaşı qədər.

Daha gecdi, zaman məni dana bilməz,

Yaşamışam bu dünyanın yaşı qədər.

 

***

İşıqlandı nurda dostlar,

İşıq saldı yurda dostlar.

Xırdalandı xırda dostlar,

Böyük dosta salam olsun!