Çiçəklər torpaqdan qida, günəşdən işıq alar… Şeir isə ürəkdən

YAZARLAR 09:14 / 23.01.2025 Baxış sayı: 157

 


Yəqin ki, təzə, fövqəladə şəkildə önəmli nəsə demərik ki, hər bir ədəbi janr iti, mükəmməl bədii təfəkkür məhsulu sayılırsa, onda bu zaman şeir yaradıcılığında bu əlamət gərək fərqli şəkildə, qat-qat üstün dərəcəyə qalxa. Çünki şairin poetik təfəkkürü daha dərin, daha təsirlidir; bu göstəricilərdən ən mühümü isə sənətkarın dili, onun sözdən, onun zəngin məna çalarlarından istifadə bacarığıdır. Belə ki, bu vaxt oxucuya bədii söz, mövzunun özü qədər onu öz təsiri altına alacaq güc qazandırır. Çünki yaxşı şeirdən əsas tələb olunan cəhət – şeirin dilinin oxucunun hisslərinə bir güclü cərəyan kimi təsir etməklə onun duyğularına məharətlə, bir növ hakimlik əldə etməkdir. Sözün obrazlılıq, üslubi rəng dərəcəsi poetiklik səviyyəsinə qaldırılmayınca bədii sözün təsir və nüfuzedici qabiliyyətindən danışmaq da çətinləşir. Bu üzdən qarşımızdakı bu yeni şeirlərin daha çox dili və üslubu kimi ümdə məsələlərinə fikir verəcəyik.
Şair Faiq Balabəylinin “Bir ovuc kədər”adlı yeni kitabı masamın üstündədir; şairin bələd olub bildiyim səmimiyyəti ilə kədəri onun həm bu yeni kitabının adında, həm də şeirlərinin ümumi mündəricəsində, şeir dilinin hətta estetik mahiyytində hiss olunmaqdadır. Tək bu kitabı deyil, Faiqin bütün şeirləri onun poetik gündəliyidir, desəm, yanılmaram. Bu, onun bayaqdan dediyim səmimiyyətidir… Faiqin fikir coğrafiyası genişdir, ucsuz -bucaqsızdır. Bu da mövzu müxtəlifliyi, amma daxili vəhdəti saxlayan mövzu rəngarəngliyi verir onun yaradıcılığına. Bəli, onun yazdıqları, poetik düşüncələrinin ifadəsi olan şeirləri bütün bəşər tarixini qavramağa çalışan şairin aydın, işıqlı düşüncələri ilə doludur. Bu mübaliğə deyil. Bu baxımdan, “Vətən” şeirində bədii təfəkkür geniş, hətta fantastik ölçüdə hüdudsuzdur.
Mən səni belə oxşadım –
üzümü hər gün sürtdüyüm
bu daş divarlar qədər,
bu yaş divarlar qədər...
Heç nəyi belə oxşamadım,

belə əzizləmədim...
…Mən səni belə istədim –
yarpaqlar küləksiz əsmədiyi kimi,
yağışlar kəsmədiyi kimi,
boz duman çöllərə sərilib
ondan küsmədiyi kimi...
Mən səni belə sevdim,
Mən səni belə oxşadım,
Mən sənsiz belə darıxdım,
Mən sənlə belə yaşadım,
Vətən!¬

Faiq Balabəyli poetik təfəkkür sahibi kimi həm də coşqun temperamentə də malik yaradıcı şəxsiyyətdir. Əlbəttə bunlar şairə məxsus cəhətlərdir. Bu yerə çatanda şair Xəlil Rza gəldi xəyalıma; onun bizə Ədəbiyyatdan dediyi mühazirələrdə söylədiyi “şair dəli olmalıdır, amma Hamletvarı” kimi tapıntılarını yadıma salır. İnanıram ki, həmin çoşquyla da şair poeziyaya yeni fikir, yeni söz qazandıra bilir. Şairin fikir, düşüncə azadlığı da öz növbəsində yazdığı şeirlərə sərbəst idraki və poetik məzmun verir. Bütün bu dəyərli keyfiyyətlər poetik fikrin genişliyinə görə qazanılır. Bu həm sözün, bədiyyatın, həm də şairin zəfəridir
Deyim ki, tədqiqatçılara nitq-fikir strukturlarını təhlil etmək üçün hər kəsə məlum olan, zahirən başa düşülən və sadə görünən sənət əsərlərinin əsl mürəkkəbliyi nə qədər qəribə olsa da, incə detalların mənimsənildilməsilə üzə çıxır:
Mən səni istəyirəm,
Bilirsən necə?
Necə ki, sabaha
can atır gecə.
Mən səni istəyirəm,
quşlar yuvasını,
analar balasını,
tikanlar çiçəyi,
qoruyan kimi,
istəyən kimi…

Faiqin şən davranışı, məzəli atmacaları, gülən gözləri, nadinc şənliyi… onların altında gizlənən kədəri bəlkə o şənlikdən də güclüdür.
Məhv ola yarısı, yarısı qala,
çiçəyi quruya, arısı qala.
Yenə əvvəlki tək dünya beləcə
yarı torpaq ola, yarı su qala,
Bacara bilmirəm bu dünya ilə
... (“Bacara bilmirəm bu dünya ilə”)
Yaradıcılıq sirlərilə bağlı belə bir məşhur kəlam var: “şair mövzu axtarmaz, mövzu özü şairi tapar”. Həm də sənətin əbədi və köhnəlməyən mövzuları var; ömür, həyat, yaşam və əlbəttə ana kimi, vətən kimi:
Hər gün yatım, oyanım¬
Bezdirim səni, ömür.¬
Əlimlə, ayağımla¬
gəzdirim səni, ömür.¬
Anaya xitabən:
Kimin yuxusuna girəcəm indi,¬
İndi kim deyəcək:¬
özünü qoru¬.
…Doqqazın önündə kim duracaq, kim¬?
Kimin dodaqları kəpənək kimi¬
qonacaq üzümə, gözümə mənim.¬
O nazik, o zərif, gücsüz qolları¬
sıxacaq köksünə, çəkəcək məni?!

Örnək olaraq təqdim etdiyimiz bu şeirlərin mövzusu da, qayəsi də ən çoxu duyğu, kədər və ibrətə, hikmətə bağlanır. Həkimanə bir ibrətlə. Demək ki, onun həyatdan aldığı, öyrəndiyi, bildiyi çoxdur. Odur ki, bu arzu, bu istəklər hamının qəlbində düyünlənən nisgillərlə, həvəs və niyyətlərlə səslənir.
Hər kəsin ürəyi dərd heybəsiydi –
İndi yolçunun da heybəsi yoxdu.

Yazdığına, söylədiyinə şairin öz münasibəti hər zaman səmimiyyət doğurur. Məsələn, nümunə gətirəcəyimiz bu parçada olduğu kimi: bu səmimi münasibət poeziyanın əbədi əlaməti olan və fikrimizcə, şairin yaxşıca ifadə etdiyi emosional -ekspressiv dəyəri daha da gücləndirir:
Əlimi uzatsam çatar əllərim,
Bu müdhiş gecənin qanadlarına...
İstisi, yanğısı qarsar üzümü,
Bənzəyər bir qızın dodaqlarına
Bizim tərəflərin yay axşamları...

Yaxud,
Üzümə ağ oldunuz, dost bildiklərim,
üzünüz ağ olsun…
Hikmətli söz səviyyəsinə çatdırılan -
Balaca çobanın çatdığı ocaq
alovdan boğular, yağışdan sönər…

Bu kədər kənd yollarında dolanır, evlərə, bağçalı həyətlərə giri, qərar tutmayıb Qurumuş Qarayar çayından küsüb Xamrava çayına, Minay təpəsinə, Bazı yüksəkliyinə, ana- nənə köksünə sığınır, çıxıb dənizlərdə üzən gəmini müşayət edir. Sanki şairin sədaqətli köpəyi kimi onunladır, ya da kölgəsi kimi…
Yurdun öyməli çölü-düzü, örüşü, biçənəkləri bunlara sevgi hec də anasına, nənəsinə, atasına, balasına olan kövrək hisslərindən az deyil; bunları bir birindən ayırmaq çətin olur.
Qanad saxla, ay uçan quş, dayan bir,
Salamımı söylə bizim ellərə.
Yəqin indi al günəşin istisi
Sarı- sarı ləkə salıb güllərə.


Heç bilmədim necə gəldi bu bahar,
Ürəyimdə yuva saldı bu qubar.
Şeirimdəki kövrək hisslər, duyğular
Nəğmə olub düşəcəkdir dillərə.


Nə qalındır divarları məhbəsin,
Çatmır mənə nə əlin, nə nəfəsin.
Çoxaldıqca sənə çatmaq həvəsim
Göz yaşlarım qarışacaq sellərə.


Mən həsrətin atkeçməz bir yoluyam,
Bulud kimi boşalaram-doluyam.
Mən sevginin qolu bağlı quluyam,
Düşəcəyəm yetim kimi əllərə…

Bədii yaradıcılıq müşahidəçi-oxucu istəyir. Çünki bu qəbildən olan şeirlərin söz varlığını izlədikcə göy əvəlik, miyana, çayır, yonca, bəbənək, təkəsaqqalı, cincilim, rəngarəng etnoqrafik mənzərə göz oxşayır, adamım könlünü yurd-yuvaya, azad təbiətə çağırır.
Şeirlərin bədii məziyyətləri çoxdur; məsələn: qafiyənin rolunu yetərincə artırıb, ondan ritmin güclü, təsirli fiksatorlarından biri kimi istifadə etdiyini görürük: – ağısı – ağrısı; qoca Türk - uca Türk; şəhər - qəhər; bahar- qabar -qübar; yetim- ölüm-itim ; əl açıb -əl açıq; ölkədə-kölgədə; adam var - qadam var; nəfəs-həvəs-məhbəs; yarağını¬- sorağını- yolağını… poetik nitqin daxili qanunları ilə sıx bağlı olan ritmik struktur təşkil edir.
Faiqin oxucunu düşünməyə vadar edən şeirləri çoxdur. Assosiativ əlaqə, mürəkkəb məcazlar və digər özünəməxsus poetik yanaşma desək, hər zaman asanlıqla anlaşılmırdı, qəbul etmək lazım gəlir bunu. Lakin şeirlərinin dərinliyi və bundan əldə olunan təsirlilik, etkiləmə keyfiyyəti oxucunun cəhdlərini səxavətlə mükafatlandırırdı. Şeirin təsir gücünü artıran, ona təravət verən–
Hamı gedib, dünyada
tək bircə şeir qalıb.
Ölməyə tər çiçəklər,
bir də ki, şair qalıb –

kimi… Müşahidə etdiyimiz poetik təkamül göz önündə və çox təsirlidir; şairin ruhən, mənən püxtələşməsinin göstəriciləridir; məsələn, İçindəki həsrətini duymadıq, üzündəki gülüşünü görürdük… kimi
Şeir sənətinin bədiiliyini təmin edən alliterasiya, anafora, daxili qafiyə, assonans türk poeziyasının qədim əlamətləridir. Beləcə assosiasiyalar, təzadlar üzərində qurulmuş “Mən yazıq adamam, bədbəxt admam!” şeiri oxucuda birliyə, uyuşmağa doğru gedən ziddiyyətli hisslər doğurur. Mənəvi-etik konsepsiyalar, orijinal müqayisələr, gözlənilməz metaforalar dərin emosionallıqla köklənmiş poetik təsvir vasitələrilə üzvi şəkildə bağlanır:
Hirsini yağış edib, bu bulud tökər, dedim¬,
Dərdlərimi şah etdim, özümə nökər dedim.¬
Ağrımı əzizlədim, adına “şəkər” dedim –
Mən yazıq adamam, bədbəxt admam!


Gözlərim yol çəkəndən, siqaretə “yox” dedim,
Ah çəkməyə heyim yox, mən dilimlə “ah” dedim,
Sən yazdığın yazıdır, dur oxu, Allah
, dedim
Mən yazıq adamam, bədbəxt admam!


Alnıma baxtmı yazdın, hərfin tanımaq olmur,
Düzün oxumaq olmur, səhvin tanımaq olmur
Elə göydən baxırsan, yəni tanımaq olmur
Mən yazıq adamam,¬ bədbəxt admam!?


Belə şeirləri, misraları çoxdu şairin; hər gün insan kədərinin şahidi olan, onların yetimliyinin acısını duyan şairin mərdliyə, fədakarlığa, igid oğulların cəsarətinə, şücaətinə həsr olunan şeir misraları da o qəhrəmanlara yaraşan, onların şöhrəti ilə tənləşən ifadır:
Al qanıyla qara günə ağ çəkən,
Sinəm üstə çalın-çarpaz dağ çəkən¬,
Sənsiz mənəm nalə çəkən, ah çəkən–
Səsim tutub dağı, düzü şəhidim,
Dağ vüqarlı, dağ qürurlu şəhidim.


Arzuların qanad açan quş idi,
Gözlərimiz sevinc dolu yaş idi,
Cavan ömrün bir gülləyə tuş idi–
Həyatımın ilki, gözü şəhidim,
Dağ vüqarlı, dağ qürurlu şəhidim.


Demək buymuş Vətən üçün şəhadət¬,
Torpaq üçün, bayraq üçün sədaqət.¬
Şəhidliyin Vətən üçün ibadət–
Çağıracaq daim bizi, şəhidim,
Dağ vüqarlı, dağ qürurlu şəhidim.
(Şəhidim)

Bunlar – şəhid dediklərimiz sadə oğlanlardır; Vətənə lazım oğlanlar elə bunlardır. Elə şairin də bəzək-düzəksiz sadə sözləri nə qədər sadə olsalar da bu dünənəcən adı məhəllədən o yana məlum olmayan sadə cavanların dünya tutacaq boyda dözümü, mətanəti, iradəsi, cəsurluq əzmi barədə hər şeyi deyir. Faiq aydın məsləkə sahib, xalqla, dostla bir olan şairdir, ziyalıdır, hər halında səmimidir.
Bir oğlan varıydı,
siz tanımazsız¬.
Saçı sapsarıydı, üzü də çiç-çil.
Demə, görməmişəm – sığırçın kimi,
quş kimi cəld idi, uçub keçirdi¬
öz doğma kəndinin təmiz səmasın
elə havadaca qucub keçirdi.
Belə böyüyürdü–
siz tanımazsız.

Bu kiçik həcmli yığcan yazımızda Faiq Balabəylinin “Bir ovuc kədər” kitabında toplanan son illərin şeirlərinin təhlili poetik dilin fəal şəkildə mənimsənilməsini bir daha göstərməklə poetikanın bir çox estetik kateqoriya və vacib komponentlərinə yenidən baxılmasının vacibliyini də çatdırdı.
Şairin misra-misra müşahidə etdiyimiz söz ehtiyatından seçdiyimiz “yarpaqsız budaqlar”; “beşik qollarım”; “lal sevgi”; “xumarlanır xatirələr”; “bizdən küsən güllər”; “sarı tikanlar”; “qara tikanlar”; “sənsizlik səssizlik kimidir”; “sapsarı otların yaşıl yuxusu”; “acımı əzizlədim, adına “şəkər” dedim”; “mən sevginin qolu bağlı quluyam”; “günümü zəhər edən xəstəliyimin adı şəkər”; “barmaqlarımın ucu boyda olan cevincim”; “gülüşü gül açan qız”; “yarası qan verən şəhid kimiyəm”; “alın yazısıdı, oxumaq olmur”; “əli ürəyinin üstündə dustaq”; “xəlvəti baxışla üz ürəyimi, amma gül bilib dərib, eləmə”; “inadını qoyarsan ayağının altına”; “dərdi yorğan kimi çəkdim üstümə”… əldə olunan estetik keyfiyyətin əsas göstəricisinin söz olduğunu bir daha sübut edir.
Söz sənətinin bu uğurlu nişanələri sözün, kəlmənin sehrini bir daha bizə çatdırmaqla şairin yaradıcılığının önəmli dəyərlərinin və söz sənətinin bəhrəli inkişafının varlığını göstərməkdədir.
Prof. Minaxanım Təkləli
Azərbaycan Dövlət Pedaqoji Universiteti