Dəyanət Osmanlı : - Nələr yapmadıq

Ədəbiyyat 22:00 / 17.04.2025 Baxış sayı: 2609

Nələr yapmadıq

nə oyundan çıxmadıq

bir gün artıq yaşamaq üçün.

Dalana dirəndik Tanrım

bir kor umuda aldanmaq üçün.

Təbiəti qoruqçular

kültürü abırsızlar

ədəbiyyatı plagiatçılar

gələnəkləri kosmopolitlər alçaltdılar.

Əxlaqı

nəfsə qul olanlar

irsi və tarixi

kimliyi naməlumlar

dini

şeytan xislətlilər

siyasəti

satılmışlar

milləti anti-millilər alçaltdılar.

Dünya idarəçiliyini

şizofrenlər aldı

və ehmalca həyatın düzəni pozuldu

ölülər oyandı

dirilər intihara inandı

fələk qapıya dayandı

böyük bir minnətlə.

İndi bütün pisliklərin əlacı

gercək Tövbədir deyə

düşünmək abdallıqdı.

Tanrım

artıq qorx ki

bic möhtəkirlər Tövbənin uzmanıdır.

Və Tanrım

bu tövbəni

sənin necə qəbul etməyinə bağlıdır

aldanmış

xəyanətə uğramış

harama dadanmış insanın gələcəyi.