"Böyük torpaq sahələri alırlar, ancaq həmin torpaqlar becərilmir" - Tahir Rzayev, Komitə sədri

İqtisadiyyat 12:13 / 24.12.2024 Baxış sayı: 1091

Son illərdə dünyada artan tendensiyalardan biri də torpaqların istifadəyə yararsız vəziyyətə gəlməsi ilə bağlıdır. 

Yenises.az  xəbər  verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, torpaqların şorlaşması dünyada baş verən prosesdir.

O qeyd edib ki, prosesin sürətlə irəlləməsinin əsas səbəblərindən biri də iqlim dəyişikliyi, atmosferin çirklənməsi, təbii fəlakətlərlə eləcə də dünyada əkin suyunun çatışmazlığı – torpaqların vaxtı-vaxtında yuyulmaması ilə əlaqəlidir:

“İstifadə olunmayan torpaqların da böyük əksəriyyəti şorlanmaya məruz qalır. Həmin torpaqlar vaxtında əkilməli, becərilməli və qulluq edilməlidir. Torpaqların münbitliyinin artırılması və yaxşılaşdırılması üçün son illərdə çox mühüm tədbirlər həyata keçirilir, bu sahəyə küllü miqdarda dövlət vəsaiti ayrılır. Məsələn gələn ilin büdcəsində də bu barədə məsələ var. Torpaqların yaxşılaşdırılması üçün son illərdə çox mühüm tədbirlər həyata keçirilir. Sözügedən məsələlərlə bağlı büdcədən gələn il üçün 500 milyona yaxın əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu da bilavasitə suvarma texnologiyasının inkişaf etdirilməsi və tətbiq olunması, torpaqların yuyulması və şorlaşmanın  qarşısının alınması ilə əlaqəlidir”. 

Deputat onu da vurğulayıb ki, bəzi iş adamlarının, sahibkarların rayon ərazilərində böyük torpaq sahələri alır, ancaq nəticədə həmin torpaqlar becərilmir və istifadəsiz qalır. Bu da müəyyən səviyyədə torpaqların münbitliyinin itməyinə səbəb olur və kənd  təsərrüfatına müəyyən dərəcə zərər vurur:

“Kənd təsərrüfatı təyinatlı torpaqlar mütləq əkilib becərilməlidir. Yaxşı haldır ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə  torpaqların əkin dövriyyəsinə daxil olunması istiqamətində əsaslı tədbirlər həyata keçirilir və keçən illərdə 100 minlərlə hektar torpaq ərazisində kənd təsərrüfatı məhsulları yetişdirilib. Statistiki məlumatlara görə, əlavə olaraq 600 min hektara yaxın torpaq əkin dövriyyəsinə qatılacaq. Bu da torpaqların səmərəli istifadə olunmasında, eləcə də həmin ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsal edilməsində əsaslı rol oynayacaq. Ölkə rəhbəri dəfələrlə qeyd edib ki, torpaqlardan səmərəli istifadə edilməli, qayğı və diqqət göstərilməlidir. Eyni zamanda əgər kimsə torpaqlardan istifadə etməyi bacarmır və torpaqlar istifadəsiz qalıbsa, mütləq o torpaqlar boş qalmamalıdır”. 

Komitə sədri vurğulayıb ki, hökumətin bu sahədə müəyyən tədbirləri var və bu tədbirlər ardıcıl şəkildə həyata keçirilir:

"İldən ilə istifadəsiz torpaqların sayı azalır ki, bu da öz növbəsində kənd təsərrüfatının inkişafında, məhsul istehsalının artmasında özünü göstərir. Bu tədbirlər hər bir sahibkar tərəfindən dəstəklənməli, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməlidir".