Bəhruz Niftəliyev : - ALLAH LAYLASI
Gözlərimdə sönsəydin,
Ürəyimdə yanardın!
Gerçəyin xəyal olar,
Qarşımda dayanardın.
Sənin işin çətindi,
İçimdən yıxılmısan.
Sənin üçün çətindi,
Ruhumdan yox olmusan!
Boşluğun da qalmayıb
Yerinə adam qoyum.
Qürurum məndən uca,
Yeddi tən adam boyu.
Ayrılıq elə dərd ki,
Əvvəldən adam duyur.
Səni hiss etmədim mən,
Qəmi hiss etmədim mən!
Yol sənin ADAM, buyur!
Elə bil ki, yoxsanmış,
Varlığın buludlardan.
Tanrı da ki, səhv salmış,
Yolunu buralardan.
Elə bil ki, yox sanmış,
Qismətin bu payını.
Əlimdən niyə aldın
Ömrümün bu tayını?
Elə bil ki, yuxuymuş,
Tanrı laylası qəmmi?
Görəsən kim oyatdı
Məni Allah, ya sənmi?
03.08.2025