Ayaz Arabaçı -  Egeyin mərcan gözlü  gözəli..

YAZARLAR 18:18 / 10.11.2026 Baxış sayı: 232

 

Ağ evlər, mavi pəncərələr, şirin küçələr, divarlardan sallanan bənövşəyi çiçəklər... Hər küçə bir rəsm əsəri, hər döngə bir mənzərə.. Burada gözəllik varlığı ilə insanı heyran edir.

Bodrum..

Bodrumda göy üzü yerə enib, dənizin sahillərinə sığınıb. Egey dənizinin şəffaf suları günəşin ilk şəfəqində gümüşü rəngə boyanır, günorta firuzəyi rəngə çevrilir, axşam isə üfüqdə batan günəşin qızılı rənginə bələnir..

Səhərimi Egeydə üzən qayıqlarla, sahildə gəzişən insanlarla, balıqçı torlarına düşən balıqlarla və təzə dəmlənmiş ətirli çayla mənalandırıram..

Burda gözəllik təkcə baxmaq üçün deyil, yaşamaq üçündür. Sahildə oturub dənizi seyr etmək, küləyin üzümə, saçlarıma toxunuşunu hiss etmək, heç nə düşünmədən üfüqə baxmaq illərlə axtardığım rahatlığı mənə bəxş edir.

Bodrum yalnız dəniz, günəş və istirahət məkanı deyil. O, həm də oxunduqca doyulmayan bir şeirdir.

Bu yerlər telefonumun yaddaşda təkcə şəkil kimi qalmayacaq, həm də həmişəlik ruhumda yaşayacaq. Sayqıdəyər dostlarıma

bu şəhər barədə balaca bir məlumat verməyi də özümə borc bilirəm.

Bodrum Türkiyənin cənub-qərbində, Muğla vilayətində, Egey dənizinin sahilində yerləşən məşhur turizm şəhəridir. Öz adını daşıyan yarımadada yerləşir. Şəhər Egey dənizinin mavi suları, çoxsaylı körfəzləri və mənzərəli sahilləri ilə tanınır.

Şəhərin tarixi minilliklərin dərinliyinə gedib çıxır. Bu ərazi Kariya, Fars, Yunan, Roma, Bizans və Osmanlı sivilizasiyalarının təsirinə məruz qalıb.

Dünya tarixində Bodrumun xüsusi yeri var. Məhz burada qədim dünyanın yeddi möcüzəsindən biri sayılan Halikarnass məqbərəsi yerləşirdi. Bu möhtəşəm abidə Kariya hökmdarı Mavsolun xatirəsinə tikilmişdi. Sonralar onun adı ilə əlaqədar olaraq türbələr üçün işlədilən məqbərə sözü yaranmışdır.

Şəhərin ən məşhur tarixi abidəsi Bodrum qalasıdır. Müqəddəs İohann cəngavərləri tərəfindən 1406–1522-ci illərdə inşa edilib. Qalanın tikintisində qədim Halikarnass məqbərəsinin daşlarından da istifadə olunub. Hazırda burada Sualtı Arxeologiya Muzeyi fəaliyyət göstərir.

Bodrumda Aralıq dənizi iqlimi hökm sürür.

Yayı isti və quraq keçir.

Qışı əsasən mülayim və yağışlı olur.

Dəniz mövsümü uzun çəkir.

Yay aylarında dəniz turizmi xüsusilə inkişaf edir.

Bodrum həm də gecə həyatı, musiqi məkanları, yaxta limanları, açıq hava restoranları və festivalları ilə seçilir.

Bodrumun qədim adı Halikarnassos olub.

Tarixin atası hesab edilən Herodot bu şəhərdə anadan olub.

Bodrumun ən böyük üstünlüyü ondadır ki, burada qədim tarixlə müasir həyat, sakitliklə hərəkət, təbiətlə insan bir-birini tamamlayır.

Bir tərəfdə minilliklərin yaddaşını qoruyan qala, digər tərəfdə mavi dənizdə süzən yaxtalar, bir tərəfdə qədim daş küçələr, digər tərəfdə müasir həyatın ritmi...

Bodrum insanı yalnız gözəlliyi ilə deyil, özünəməxsus ruhu ilə də cəlb edir