Azərbaycanda istehsal olunan avtobusların satışı ƏDV-dən azad ediləcək

MƏMLƏKƏT 13:16 / 27.11.2024 Baxış sayı: 2279

Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.

Yenises.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı - 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad olunacaq.

Qeyd edilib ki, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması Azərbaycanın dayanıqlı inkişafının hədəflərindəndir. Bu məqsədlə ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü'nün təsdiq edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli 4265 nömrəli Sərəncamında "BakuBus” MMC üçün elektrik mühərrikli avtobusların alınması ilə bağlı 2024-cü il dövlət büdcəsindən 90 milyon manat vəsait ayrılması nəzərdə tutulmuş və həmin avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək təchizatçıdan alınması tapşırılıb. Həmçinin qarşıdakı illərdə də bu istiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulub. Eyni zamanda Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə elektrik avtobusların yerli istehsalının qurulmasına dair müqavilələrin bağlanılması istiqamətində işlər aparılmaqdadır.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.