Ayaz Arabaçı : - Yoruldum

Ədəbiyyat 18:59 / 23.01.2025 Baxış sayı: 1072

 

 

Tanrım, dağıt bu dumanı,

Çəndə olmaqdan yoruldum.

Mən bu zəif, mən bu xəstə,

Təndə olmaqdan yoruldum..

 

Bu zülmətə bir şam yandır,

Gündüz yandır, axşam yandır,

Yarpaqlandır, budaqlandır,

Dəndə olmaqdan yoruldum.

 

Düş gəl məni məndən ötür,

Qanadına alıb, götür,

Hər tərəfim kələ-kötür,

Rəndə olmaqdan yoruldum.

 

Özüm boyda odam, elə,

Vaxt itirmə edam elə,

Məni başqa adam elə,

Məndə olmaqdan yoruldum.

 

On gözümdən sisləyirəm,

Ömrü-günü pisləyirəm,

Allah olmaq istəyirəm,

Bəndə olmaqdan yoruldum..