Ayaz Arabaçı- Yazıram hüzndən-kədərdən sənə,

Yazıram hüzndən-kədərdən sənə,
Gündəlik qəzadan-qədərdən sənə.
Qırılıb-tökülüb könül simlərim,
Üzümdən yan ötür təbəssümlərim.
Qüruba oxşayır qızıl dan yerim,
Bitib bu dünyayla hər cür alverim.
Bir kəs yox qəlbimdən keçəni duya,
Verdim hisslərimi dərin yuxuya.
Önümdə qapısı bağlı səmalar,
Başımda sərsəri sayıqlamalar.
Ruhumu siqartək sinənə çəksən,
Bir-iki qüllaba söndürəcəksən.
Ömür-gün dilənçi payından betər,
Yalançı vədlərə inanmaq yetər.
Sağ ol bu verdiyin təfəkkür üçün,
Başqa nə söyləyim təşəkkür üçün.
Ağırdı inan ki, gətirmək dilə,
Dərdlər ki.. həndəsi silsilə ilə.
Bir gün ayaqlansa bahar nəsimi,
Sənə çatdırarmı könül səsimi.
Nədi bu dünyada günahım belə,
Axşamım belədi, sabahım belə.
Qəfil nə zamansa üz-üzə gəlsək,
Bu qara zülmətdən gündüzə gəlsək..
Tutarmı sən bilən söz-söhbətimiz,
Bir yol alınarmı, məhəbbətimiz.
Yüz ölçüb bir biçdim indiyə qədər,
Dərd udub, dərd içdim indiyə qədər.
O tozdan-dumandan, o kirdən ürpən,
Soyuqdu canımda hələ ki,türbən.
Görmək istəyirəm yaxından səni,
Harda gizləmisən o nur çöhrəni.
Harda gizləmisən harda, İlahi,
Çırpınır bu könül darda, İlahi..