Ayaz Arabaçı - Sağ ol polad iradəm..

Ədəbiyyat 08:00 / 03.12.2025 Baxış sayı: 696

 

Sağ ol bu ləyaqətə, bu şərəfə, çox sağ ol.

Sağa, sola, qabağa, hər tərəfə çox sağ ol.

Başqa nə deyim sənə, milyon dəfə çox sağ ol..

Bu sözü təkrarlaram yorulmadan, dəmadəm,

Sağ ol polad iradəm..

 

Sən bu yurda, bu elə məhəbbətlə dolusan,

Tək özünün deyil ki, milyonların yolusan,

Sən mənim qəlbimdəki azadlıq simvolusan.

Sağlığına içməyə doludu neçə badəm

Sağ ol polad iradəm..

 

Yazılıbsa taleyə çəkiləcək çiləmiz,

Niyə dolsun ki, yaşla, bəbəyimiz-giləmiz.?

Sən bitmədi deyincə bitməz mücadiləmiz,

Desək bir də yaradar bizi təzədən Adəm,

Sağ ol polad iradəm..

 

Namərd arxadan vurar, xain qurşaqdan vurar,

Küləklər soldan vurar, fufanlar sağdan vurar,

Qaraların xisləti bəllidi, ağdan vurar,

Dözüb dayanacaqsan yoxdu kökümdə zədəm..

Sağ ol polad iradəm..

Şərə, böhtana heç bir əsasla inanmıram,

Yollar səni yorubmu, yox əsla inanmıram,

Yorulmuşam desən də, yox aslan, inanmıram!.

Çatar mənim də vaxtım, gələr mənim də radəm.

Sağ ol polad iradəm..

 

Bahar nədi, yaz nədi, hər bir fəslin oğlusan,

Yarası yara üstən gələn nəslin oğlusan,

Bir şərəfli tarixin, sən bir əsrin oğlusan,

Daşıyırsan bu yükü, çiyinlərində madəm,

Sağ ol polad iradəm..

 

Haqqa qarşı gələnlər zəkadan ən geridi,

Zindanlar da vətənin bir ayrı səngəridi,

Bu hayqırtı çəkidə Nəsimi ləngəridi,

Sağ ol kədəri məğrur, sağ ol kimliyi sadəm..

Sağ ol polad iradəm...