Ayaz Arabaçı - qağayılar təlaşla baş vurur dənizlərə,

 

 

 

Ədəbiyyat 08:17 / 01.09.2025 Baxış sayı: 1402

qağayılar təlaşla baş vurur dənizlərə,

külək süpürgə çəkir qumda qalan izlərə,

baxıram qabığında qurumuş ilbizlərə,

əhvalım qarışıqdır..

 

qovuram gözlərimdən daş asan uyquları,

hürküdürəm fit çalıb qoşa üzən quları,

ütüləyib geyinib mavi qırçın suları,

dəniz gör necə şıqdır.

 

batıb -çıxır sularda Ay..

bu nə gözəl ovsun,

dağılıbdı sahilin saçları yosun-yosun,

çoxdan arzulamışdım belə bir evim olsun,

hər yanım sarmaşıqdır.

 

hara gedirəm belə, hara,

yolumu çaşıb,

bəlkə elə bu dəniz mənim gözümdən daşıb..

qəfil heç sezilmədən hava qaranlıqlaşıb,

içim amma, işıqdır.

 

durna qatarı kimi düzdüm sözləri səfə,

hardasan su pərisi boy göstər bircə dəfə,

gəl, çək "haqq-hesabını" çox yaxınam hədəfə,

qanım bircə qaşıqdır..

 

gecənin qulağından asılıb tana kimi,

bir saz səsi ağladı qəlbim yatana kimi,

öldüm-öldüm, dirildim gəlib çatana kimi,

bir mənəm bir aşıqdır..