Ayaz Arabaçı : - Oyandım gecənin bir aləmində...

Ədəbiyyat 09:55 / 25.08.2025 Baxış sayı: 2310

Oyandım gecənin bir aləmində,

Əsirdi tufanda küçə fanarı.

Buludlar səmanı qucaqlamışdı,

Güclə görünürdü ayın kənarı.

Bir it dayanmadan hürürdü tez-tez,

Kədərli-hüzünlü boğuq səsiylə.

Tufanı qovmağa cəhd eləyirdi,

Yəqin ki, öz səfeh düşüncəsiylə.

Hənirdən düşmüşdü divar sobası,

Külək ulayırdı hey dəli-dəli..

Pis yuxu görmüşdüm, az öncə,

amma,

Yadıma düşmürdü ardı-əvvəli.

Külək üz-gözümə vururdu qarı,

Mənə elə gəldi bayırda qışdı.

Elə bil yatanda girib başımdan,

Kimsə yaddaşımı oğurlamışdı.

İstədim "Uber"dən taksi çağırım,

Sürdürüm bir başa avtovağzala.

Peraşki götürüm, pivə götürüm.

Girim adam dolu ən isti zala..

Baxım gözlərindən yuxu tökülən,

Qürbət adamlara-Vətən kəslərə..

İçim yavaş-yavaş səsimi qatım,

Gecənin bağrında itən səslərə.

Bir günə beş ili, on ili yorum,

Könlüm bir dincələ, içim bir susa.

Sonra bilet alım səhərəyaxın,

Üzü kəndimizə bir avtobusa.

Gedim, çatdıraram, vaxt hələ çoxdur.

Sonra xatırladım..

Haraya gedim, o kənddə

o evdə anam ha yoxdur..

Duyğular sinəmdə gərildi sim-sim..

Sıxdı ürəyimi tənhalıq hissim,

Vurnuxa qalmışdım hey otaq boyu

Fikir tamam məni gic eləmişdi..

Baxdım votsapıma burda da bir qız,

Xəlvəti köç salıb gecələmişdi.