Ayaz Arabaçı - Gəl bu gözəl anları yadda qalan eləyək...

Ədəbiyyat 15:10 / 09.08.2025 Baxış sayı: 2809

 

Gəl bu gözəl anları yadda qalan eləyək,

Dünən nə yaşanıbsa, bu gün yalan eləyək.

 

Gözümüzdən oxunan sirləri gizlətməyək,

İkimizin filmini heç kimə izlətməyək.

İçimizdə bir kaman həzin-həzin inləsin,

Bir neçə şeir oxu dünya susub dinləsin.

 

Gözünün alovunda

ürəyimi yandırım,

Azca tutum əlindən zamanı dayandırım.

Elə gözəl gəlmisən, gəlişin xeyrə dönsün,

Addımının hər biri bir gözəl şerə dönsün.

 

Bilirəm, gedəcəksən uzağı bir saata,

Mən də küs düşəcəyəm, ömrə-günə həyata..

Elə çox istəyir ki, könlüm səninlə gedə,

Amma hələ burdayıq,bu balaca kafedə.

 

Ya da sən heç danışma, qoy danışsın gözlərin,

Atəşindən əriyim pıçıltılı sözlərin..

Elə gizli gəlmisən adın təqdimdə yoxdur,

Bu elə bir gündü ki, bundan təqvimdə yoxdur.

 

Bircə şirin gülüşün inan bəs edər mənə,

Ömür bir anlıqdısa bir an bəs edər mənə.

Heç bilmirəm nə daddı, o kafedə yeməyim..

Qəlbimdə bir söz keçir, deyim ya heç deməyim?

 

Yanımdasan səninlə doğma bir qoxudayam,

Ayılmaq istəmirəm sanki bir yuxudayam.

Adını həkk elədi kim yaddaş kitabəmə,

Xoş gəldin, xoşdan da xoş mənim daş kitabəmə.

 

Gəl bu gözəl anları yadda qalan eləyək,

Dünən nə yaşanıbsa bu gün yalan eləyək.

Belə ki bir-birinə doğmalaşıb ürəklər,

İtirməsin heç zaman səsimizi küləklər.