Ayaz Arabaçı :- Əvvəllər vaxt qum kimiydi axırdı..
Əvvəllər vaxt qum kimiydi
axırdı..
İndi daş kimidi..
Sanki daha
heç nəyin zamana dəxli yoxdu.
Ox uzanıb özüyçün,kamana dəxli yoxdu.
Sağlar-sollar bağlıdı..bütün yollar bağlıdı.
Adam beş gün bal olanda
bir gün də gərək arı olsun.
Söyüşlərimi məlum hesablara keçirdim-
halal xoşları olsun..
Həvəs yoxdu heç nəyə,
hətta yeməyə belə,
gündə iki yumurta..o da ki,yəni "mırt"a..
Kolbasa qızartmışam,
şama dəvət etmişəm
küçədən bir pişiyi..
yoldaşım
kənddən gəlib əl qatacaq özünə:
-gör,nə günə qoyubsan
yenə evi-eşiyi..
Unutmaq zamanıdı igidliyi-ərliyi...
Müqəddəsdi mənimçün,
hüquq bərabərliyi))
Get-gedə qadağalar,
fərmanlar qəddarlaşır..
Məlhəmlər qəddarlaşır,
dərmanlar qəddarlaşır..
Hələ ki,cansıxıcı bir tələ var qabaqda,
Zəlzələ var qabaqda,vəlvələ var qabaqda..
Kötək kötəkdi elə-ya arifdən,ya xamdan..
Bu dəfə
bərk yapışıb qüssə-kədər yaxamdan.
Sən də haqlısan əslində
Yetənə-
yetən,yeməyənə bir daş atan dostum.
Ünvanıma dediklərinə susdum.
Taledi də hərə bir yol çömçəsini bulayır..
Mən bilirəm,
bilirəm küçə itləri niyə belə
yazıq-yazıq ulayır..