Ayaz Arabaçı - DƏYİRMİ
Azalırmı içindəki sıxıntı,
Dərə, təpə, yal gözünə dəyirmi..
Sıyrılıbdı boz dumandan talalar,
Qoyun-quzu, mal, gözünə dəyirmi.
Xəyalların yol alırmı heç, həndə,
Nə görürsən uzaqları seçəndə.
Qorxa-qorxa dərələri keçəndə,
Cin gözünə,hal gözünə dəyirmi..
Ayaqların cığırlarda möhürbənd,
Hesabdandı ulu yurda bu biət,
Gəlin kimi bəzənibdi təbiət,
Sarı, yaşıl, al, gözünə dəyirmi..
Bir məktub var göz yaşına Fıratdan,
Neçə dəfə keçdin gəldin Siratdan,
Çənlibelin yoxuşunda Qıratdan,
Qopub düşən nal, gözünə dəyirmi..
Başlanardı nağılların qaçaqdan,
Xatirində nə qalıbdı o çağdan,
Qayaların başındakı ocaqdan,
Yanıb tütmüş xal, gözünə dəyirmi..
Göyərti yığ, çörək götür səbətdən,
Burda məlhəm daha çoxdu Tibetdən,
Qara toyuq perikibdi həyətdən,
Fallığında fal gözünə dəyirmi..
Görürsənmi yolda-izdə süsəni,
Taleyindən bir ömürlük küsəni,
Gizlənirmi hər görəndə de, səni,
O hissləri lal gözünə dəyirmi..
Nə olacaq uşaqlığın qandığı..
Eşələ bir, Nuhdan qalan sandığı,
Nənəmizin toyda-yasda saldığı,
İsti, qalın şal gözünə dəyirmi..
Çox deyinmə 90 yaşlı qarıtək,
Fikirlərim dağılıbdı darıtək,
Şirə çəkdim hər çiçəkdən arıtək,
Sözlərimdə bal gözünə dəyirmi..