Şakir Xanhüseynli - DƏ NƏ
Ədəbiyyat
09:00 / 15.06.2026
Baxış sayı: 563
DƏ
NƏ
O quşun qanadlarına açılan
göy üzünə
bax
göyün üzü cırmaqlanar deyə
quşlar döşünü sıxır
ayaqlarına
bütün sevgilərə ayrılıqların təsdiq möhürü
dəyir
Keçdiyin yolun üstündə dayanan
cavan bir kötüyə salam verib
gördüm ah çəkdin
nəğməm qırıldı düz ucundan
Bəzi şeyləri düşünəndə
ömrünü büküb-bürmələyib
zibilliyə atmaq qərarını gizlətmirsən
nə göydən nə yerdən
hətta üzünü görməkdən nifrət etdiyin güzgülərdən
də
Nə
keçmir bu saat sənin
ağlından
yeri at bir daşa əlindən
təzə şumu vur
atına
ov olduğun alın
yazın
insan ovçuları
arxanda durublar arxan deyillər
onlar
gözünə baxarlar da
göz yaşına baxmazlar