Ayaz Arabaçı : - Başlayanda qürub, gəl..

Ədəbiyyat 09:58 / 11.08.2025 Baxış sayı: 2115

Günəş tamam sozalıb,

Başlayanda qürub, gəl..

Gəl də,bir gün şeytanın ,

Qılçasını qırıb, gəl.

 

İlıq yaz küləkləri,

Qapı zəngini çalsın.

Yuxumu gözlərimdən,

Qatar səsləri alsın.

 

Qumru xəyallar gedib-

Gəzib hər yeri, dönsün.

Sərhəddi çoxdan keçən,

Gəncliyim geri dönsün.

 

Tanrı mənə canından,

Təzə bir can üfləsin..

Göydən üç almadək düş,

Ürəyim xəfifləsin.

 

Sonralara saxlama,

Ürəyim yatmadan gəl.

Gəl bu çirkin ömrümə,

Bir göyçək Fatmadan gəl.