Ayaz Arabaçı : -Adamlar heç...

Ədəbiyyat 09:30 / 04.02.2025 Baxış sayı: 829

Adamlar heç, çiçəklər dilimi bilsəydilər,

Hamısı sevə-sevə başıma and içərdi.

Sinəmdə yer verərdim bütün kimsəsizlərə,

Bütün isti yuvalar ürəyimə köçərdi.

 

Sağ olsun hərə bir yol könlümə dağ gətirdi,

Ağrılar şirin-şirin içimdə tağ gətirdi,

Oturub gözləməkdən gözlərim ağ gətirdi,

Nə könlüm kama yetdi, nə bir arzum cücərdi..

 

Mən hamını sevirdim axı, Allahcasına,

Baxmadan libasına, puluna- axçasına,

Bu xaraba dünyada ömrümün bağçasına,

Kimi bağban qoydumsa tikan əkdi-becərdi.

 

Ötüb keçirdi adım neçə-neçə tay-tuşu,

Onda itirməmişdim bu qədər ağlı-huşu,

Otuzumda başımdan yan ötdü şahlıq quşu,

Ağlına batsa idi, yəqin məni seçərdi..

 

Saldım üzü yoxuşa ürəyimdən bac aldım,

Taledən buna görə nə rütbə, nə tac aldım,

Başımı hər məqamda dik tutmağı bacardım,

Əysəydim əlbəttə ki, hər qapıdan keçərdi.