Astaranın 40 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsildi - YENİLƏNİB
Astara rayonunun 40 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Yenises.az xəbər verir ki, bu barədə Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, vəziyyət getdikcə daha kritik həddə çatır. Züngüləş kəndində Bəndəsər yaşayış massivində yerləşən Astara kiçik su elektrik stansiyasının (SES) bəndi üçün dağılma təhlükəsi yaranıb. Hazırda su bəndin üst hissəsindən təqribən 2 metr hündürlükdə daşmaqdadır.
Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb, Siyəku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyin 2850 nəfər əhalisi olan 10 kəndi, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin 2750 nəfər əhalisi olan 6 kəndi, ümumilikdə 15000 nəfər əhalinin yaşadığı 40 kənd ilə əlaqə kəsilib.
Həmçinin, 700 nəfər əhalisi olan Siyakeş kəndində Pensərçay üzərində yerləşən uzunluğu 10, eni 4 metr olan dəmir körpünü sel aparıb.
Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Kijəbə-Pəlikeş avtomobil yolunun 11-ci km-dən başlayaraq bir neçə hissədə torpaq sürüşmələri baş verib və yol bağlanıb.
Ərçivan çayının daşması nəticəsində qəsəbə ərazisində 200-ə yaxın ev və həyət su altında qalıb.
Şiyəkəran kəndində isə Pensərçayın üzərində yerləşən uzunluğu 42 metr olan və uzunluğu 54 metr olan iki asma körpü də sel nəticəsində uçub. Baş verən təbiət hadisəsi ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Komissiya tərəfindən daxil olan müraciətlər qeydə alınaraq zəruri tədbirlərin görülməsinə başlanılıb.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Astara və Lənkəran rayonlarında sel hadisələri ilə bağlı məlumat yayıb.
FHN-dən Yenises.az-a bildirilib ki, ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, həmçinin fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir.
Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
09:47
Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.
Adalet.az xəbər verir ki, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.
Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda bölgədə intensiv yağış davam edir.