Arzu Hüseyn : - Gül, gülüşün bir fəsillik yaz olsun

Gül, gülüşün bir fəsillik yaz olsun,
Çiçək açsın yanağında lalələr.
Şeirlərim ünvanına yozulsun,
Nəğmələrdə bulaq olsun kəlmələr.
Tərəddüdə baş əymədi inamım,
Zülmətlərin inadına günəşsən.
Məsafələr azalacaq, adamım,
Gülüşünlə ayrılıqla ödəşsən.
Vüsal dedik hər xəlvəti görüşə,
Qəzəbləndim, qollarında mum etdin.
Mən özümü bircə şirin gülüşə,
Bircə doğma təbəssümə ram etdim.
Ay saçları sinəm üstə üşüyən,
Buz qəlbimi əridərsən gəlincə.
İstəyirəm milyon il də yaşayam,
Sən üzümə belə şirin gülüncə.