Arzu Hüseyn : -Ayıldım axşamın azan səsinə,

Ədəbiyyat 10:25 / 08.08.2025 Baxış sayı: 2214

Ayıldım axşamın azan səsinə,

Ağladım, Tanrıdan bəxtimi sorub.

Məni aldadaraq dost süfrəsinə

Aparıb — neçəsi üzümə durub.

 

Görmüşəm, dünyada dostum yox imiş,

Sən demə, kül imiş gül bildiklərim.

Sən demə, doğmaymış saymadıqlarım,

Nə vaxtsa yad sayıb, el bildiklərim.

 

Kim tutar əlimdən ömrün yarısı?

Mənimlə addımlar zülmət içində?..

Dünyaya baxmıram — düzü, doğrusu,

Əvvəlki ilahi heyrət içində.

 

Aydındır yeri də, göyü də mənə,

Aydındır palıdı, söyüdü mənə.

O qədər, o qədər açılıb gözüm,

Özümə kənardan baxıram özüm.

 

Görürəm — gördüyüm mənəmmi, Allah?

Bu dərin kədəri hara gizləyim?

Hələ ki Şeytan yox — sənəmmi, Allah?..

Sənəmsə, işarə et… gülümsəyim.