Arzu Əsəd : - "Şizofrenik"dən fraqmentlər

Ədəbiyyat 10:30 / 04.03.2025 Baxış sayı: 2513

 

...Açıldıqca qat-qat zaman,

Hər qatında bir reallıq,

İrreallıq, sürreallıq,

İndi də hiperreallıq.

Bir qorxulu röyadayıq,

Gerçəkləri xəyallardır.

Nə qəribə dünyadayıq,

Cavabları suallardır.

Hər şey hər şeylə birləşir,

Hər şey hər şeyə calanır.

Həyat qaydasız, düzənsiz

Metamorfoz oyunları.

Hey qabağa tələsirik,

Aqibət geridən gəlir.

Biz kənardan gözləyirik,

Ölüm içəridən gəlir.

Nədən qorxduq onu sevdik -

Qorxumuza can atdıq biz.

Cəhənnəmin qorxusundan

Cəhənnəmi yaratdıq biz.

Biri dedi "Allah ölüb",

Tarix güldü, insan güldü,

Sevindilər, bilmədilər,

Dalınca da insan öldü.

Ağıl darılır, gücənir,

Bətnindəkilər boğulur,

Metafizik sancılardan

Bir absurd dünya doğulur.

Nə günə qoyduq dünyanı,

İçə, dışa bax, görünməz.

Bu kirdə, bu tozanaqda

Əlbəttə Allah görünməz.

Tarix köpür, tarix qusur -

Xəyanət və qan qoxusu.

Qanda xəyanət qoxusu,

Xəyanətdə qan qoxusu.

Xəyanət hər yetkinliyin

İçində doğulan bir qurd.

İnsanlığın qırtlağında

Bir xırıltı: "sən dəmi, Brut"?

Bu nə təlqin, bu nə əzbər?

Qapat kitab-dəftərini.

Tarixə tac eləyiblər

Tarixin dəlilərini.

Tarix elə büt sexidir,

Büt düzəldir durub dönür.

Dünən bütləri sındıran

Bu gün özü bütə dönür.

Mədəniyyət tarix boyu

İnsanlığı aldadıbdır.

Məğlubun sözü silinib,

Qalibin sözü qalıbdır.

Söz yaşanandan qaçmaqdır,

Sözə dönən candan qaçır.

Kim ki "Allah, Allah" deyir,

O özü Allahdan qaçır.

Ta bu dünya yaranandan

Eyni zaman, eyni məkan.

Təkrar-təkrar yaşamaqdan

Sürtünüb yeyilir insan.

Heç nəyin əsli qalmayıb,

Hər şey kökündən dəyişir.

Həyat sanki qəliblərdə

Bitir, tükənir, dəyişir.

Hər şey açıq, hər kəs çılpaq,

Bu aləmdə sirr qalmayıb.

Sabaha toxum tutmağa

Bir dənə fikir qalmayıb.

Həyat çoxdan yaradılmış,

Yaşanmış, bitmiş bir əsər.

İndi o əsil həyatdan

Fraqmentlər göstərirlər.

Biz kiminsə yuxusuyuq,

O kimi də qara basır.

O kim oyanmır yuxudan,

Biz də qurtaraq əzabdan.

Yıxılmışam öz içimdən

Dərin, dibsiz boşluqlara.

İndi məni bu bədəndə

Qalın axtara-axtara.

Tut bir sözdən dart dünyanı,

İlmə-ilmə söküləcək.

Dünyanın üstündə nə var

Dağılacaq, töküləcək.

Daha artıq nə söz deyək

Ki, qulağa təzə gəlsin.

Bir dəfə ölək dirilək,

Söz də başdan təzələnsin.

Mənalar sözün kiridir,

Ha yu, ha sürt, kiri çıxa.

Bu sözləri kirli-kirli

Kİm çıxarır ortalığa?

Ruh titrəyir, ruh çırpınır

Mənaları qıra, çıxa,

Azad ola buxovundan,

Uçub gedə sonsuzluğa.

Arzulara inanmmayın,

Onlar bizi aldadırlar.

Arzular bizi yaşayıb

Sonra boşluğa atırlar.

Bax gözlərə - yaralardır,

Sızladanı içindədir.

Bu ürək bu şüşə qabda

Kislotanın içindədir.

Gülməlilər çox ciddidir,

Ciddilər çox gülməlidir.

Hərə bir cürə ağıllı,

Hərə bir cürə dəlidir.

Qoyun insanı soruşsun

Hər şeyi dibinə qədər.

Axırı gedib çıxacaq

Kiminsə cibinə qədər.

Hər şey yuxuda olacaq:

Görərsiniz, cəhənnəmdə

Əzab verməmişdən qabaq

Bizə narkoz verəcəklər.

Hərə elə nəsə deyir

Öz-özünə, danışırlar.

Heç kim heç kimi eşitmir,

İnsanlar nə danışırlar?

Yadlaşıb quruyur insan

Uclarından budaq-budaq.

Adamları kəs canından,

Görərsən, ağrımayacaq.

Doğrudan varmı o dünya

Yaradanın hədəfində,

Kölgələri görürsənmi

Pərdənin o tərəfində?

Bilirdim sonsuza yol var

Tənhalıqda, ən dərində.

İlişdim, tükəndim, qaldım

İnsan əlaqələrində.

Bir Məcnundum eşq yolunda,

Bir sufiydim sakr halında.

İndi məni öyrənirlər

Şizoanaliz sakralında.

Hansı yolu tutursan tut,

Yenə gedib Ona çıxır.

Ondan gəldin, Ona döndün,

Neyləyirdin azadlığı?

İşıq çox-çox uzaqlarda,

Arabir parlayıb sönür.

Qaranlıqların ardından

Yenə qaranlıq görünür.

Bu yolun sonu görünür,

Az qalıb sirrə çatmağa.

Bir az davam edə bilsək

Özümüzü aldatmağa.

Başlanğıcın sonu gəldi,

Sonun başlanğıcı gəldi.

Əvvəldəki şirin getdi,

Axırdakı açı gəldi.

Adam dura öz qəbrindən,

Ara-sıra bir dirilə.

Sonra çəkib torpağını

Üstünə, yenidən ölə...

Köhnə nə var silin getsin,

Dünən bu günə yamaqdır.

Nə desələr gülün getsin,

Azadlıq inanmamaqdır.

Yavaş-yavaş, sıra-sıra

Hər gün bir şey dəyişəcək.

Sonra sanki birdən-birə

Bir gün hər şey dəyişəcək.

Şizofrenik, şizofrenik,

Şizo, şizo, şizofrenik.

Hanı bir vaxt gülürdük ha,

İndi biz o şizofrenik...

Bizim bircə yolumuz var -

Hər şey unudulmalıdır.

Onunçün də bu dünyada

Hamı dəli olmalıdır.

Ağıl çıxıb getməlidir

Öz elinə-obasına.

Ali ruhlar diyarına -

Göydəki xarabasına...