Antalyada kanat xətti qırıldı - Ölən və yaralananlar var - YENİLƏNİB
Türkiyənin Antalya vilayətində baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalan vətəndaşların təxliyə işləri davam edir.
Yenises.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın hadisə ilə bağlı son açıqlamasına əsasən, indiyədək 15 kabinədəki 98 nəfər xilas edilib. Daha doqquz kabinədə qalanların təxliyəsi istiqamətində işlər aparılır.
Bölgəyə Türkiyənin müxtəlif qurumlarının 543 nəfərlik axtarış-xilasetmə qrupları, 80 nəfərlik alpinist heyəti, eləcə də bir hərbi karqo təyyarəsi, yeddi helikopter, 108 xüsusi avtomobil, 6 ambulans və çoxlu sayda dron cəlb edilib.
Yaralananlar xüsusi helikopterlərlə xəstəxanalara çatdırılırlar.
***23:03 (12.04.2024)
Antalya Böyükşəhər Bələdiyyəsinə məxsus kanat xəttində qəza baş verib.
Yenises.az xəbər verir ki, xətti saxlayan dəmir dirəklərdən biri qoparaq kabinələrdən birinə dəyib. Nəticədə kabinədə olan 8 nəfər yerə çırpılıb. Onlardan biri ölüb, digərləri yaralanıb.
Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek qəza ilə bağlı açıqlama verib: "Hazırda qəzaya görə 25 kabinədə 184 nəfər havada qalıb. Onları xilas etmək üçün işlər davam edir".
Bunun üçün əraziyə helikopterlər cəlb olunub.