"Ağcabədi" adının mənası    araşdırılır

Maraqli 18:40 / 29.05.2024 Baxış sayı: 3043

Yenises.az bildirir ki, Modern.az saytı adları müzakirə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin fikirlərinin təqdimatına davam edir.

Bu dəfə mövzu ilə bağlı Ağcabədi rayonunu seçilib. 

"Ağcabədi" sözünün də mənşəyi ilə bağlı fərqli yanaşmalar var. Əksər mənbələrdə "Ağcabədi" adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) kimi qeyd edilib. Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə çəkilib.
1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də rayon statusu alıb.

Tanınmış ağcabədililər rayonun adının hansı məna daşıdığı haqda nə bilirlər?

Ağcabədidən olan deputat Tahir Rzayev rayonun adının qədim etimologiyaya malik olduğunu vurğulayıb:

“Ağcabədi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Keçmiş tarixi çox zəngindir. Bunu ərazidə aparılan arxeoloji qazıntılar eneolit, tunc dövrlərinə, antik və orta əsrlərə aid olan bir çox yaşayış məskənlərinin qalıqlarə müəyyən edir. Burada keçmişdə çox böyük yaşayış məskənləri olub. Bu gün də onların qalıqları var. Kamiltəpə, Nərgiztəpə, Qalatəpə, Qaraköbərdə aparılan qazıntılar göstərir ki, rayonun tarixi uzaq keçmişlərə gedib çıxır. Ağcabədi böyük kənd təssərüfatı rayonu olub. 1930-da rayon statusu alıb. Ağcəbədi şəhərinin bir qəsəbəsi, 43 kəndi var. 
Əhalisi 150 minə yaxındır. "Ağcəbədi" adı ilə bağlı müəyyən fərziyyələr var. Hesab edirlir ki, Ağcabədi adındakı “Ağca” sözü iri, “badi” isə yaşayış məskəni deməkdir. Bu, məncə də həqiqətə daha uyğundur. Bir çoxlarına görə “Ağca” böyük, “badi” qəsəbə deməkdir. "Şorlaşan torpaq" mənasını da uyğun hesab edənlər var. Bir variant da budur ki, “Ağca” və “Badi”  iki sevgili olublar.  Mənə görə, ilk qeyd etdiyim versiya reallıqlara daha uyğundur. Çünki həqiqətən də Ağcabədi geniş əraziyə malikdir. Ağcabədinin iri yaşayış məskəni kimi xarakterizə olunması reallığı əks etdirir”.