Məmməd Qədir - Üzümə
Axır dərdinin dağından,
Sərin bulaqlar üzümə!
Damcılayır əzabların,
Suyu bu ağlar üzümə!
Ha desəm də Allah Kərim,
Yuyulmur heç dərdim-sərim,
Kim qazıyıb belə dərin,
Quyu bu ağlar üzümə!
Yağır qarım, döyür dolum,
Çiskinliyəm, yaşdı yolum,
Yapışdırma, qurban olum,
Toyu bu ağlar üzümə!
İslanıb bədənim, əynim,
Gözüm qurumur, geyinim,
Əllərimin, çatmır, neynim,
Boyu bu ağlar üzümə!
Olmaz axı zülüm belə,
Tabı yoxdu canın selə,
Ömür, yuyun, qüsl elə,
Soyu bu ağlar üzümə!