Sevil   Azadqızı  - Qanlı qətliam, Xocalı fəryadı, iyirmi altı fevral gecəsi...

YAZARLAR 09:23 / 26.02.2026 Baxış sayı: 542

 

Qarın ağlığına çökən bir qara sükut deyil o gecə,

Tarixin ən uzun, ən soyuq kəfənidir.

Xocalı bir şəhərin adından çox, insanlığın öz aynasında qırıldığı yerdir.

Fəlsəfəsi yoxdur bu ağrının, çünki ölüm burda məntiqi sındırıb,

Bir uşağın donmuş təbəssümü, varlıq önündə bütün sualları cavabsız qoyur.

Varlıq nədir?

--Əgər bu gecənin dəhşətinə dünya lal olub baxırsa,

Yoxluq nədir?

--Əgər bir ana öz körpəsini qarda qoyub, namusunu qorumaq üçün qaçırsa.

Küləklər hələ də o günün fəryadını daşıyır, daşların yaddaşına yazılıb o gecənin naləsi.

İnsanlığa sığmayan Xocalı qətliamının nədənini biz hələ də "niyə" deyə soruşuruq.

Amma kainatın bu vəhşətə verəcək bir tutarlı "çünki" cavabı yoxdur.

İndi hər fevral qarı yağanda, təkcə yer üzü ağarmır, həm də göy üzünün yerə endiyi vicdanın öz səsində boğulduğu anı təkrar edir.

Köhnə yaranın qaysağı qopur, bizi "unutma"- deyə o günlərə qaytarır.

Unutsaq şəhid ruhları o qaranlıq gecənin qarlı meşələrində azıb qalar.

Biz xatırlayırıq, şəhidlərin sükutu ilə, dirilərin bitməyən ağrılarıyla.

Və bir də ədalətin gecikmiş, amma mütləq olan ağır addım səsləriylə.

Xocalı təkcə viran olan bir şəhər deyil, bitməyən bir fəryaddır tarixin kitabında.

 

26.02.2026