MEHDİ CALAL  -  XOCALIM

   

Ədəbiyyat 17:30 / 26.02.2026 Baxış sayı: 250

Gör neçə ildir ki, sağalmır yara,

Hələ yollar, izlər qandı, Xocalım!

Donan doğmalarla, yanan yurdlarla

Ömrümüz-günümüz yandı, Xocalım.

 

Gördük; nə şimşəklər çaxdı Vətəndə...

Kəsilməz nalələr - ahdı Vətəndə.

Ölənim, itənim ruhdu Vətəndə,

Can içrə çırpınan candı, Xocalım!

 

Dərdidir dərmanı böyük millətin,

Tarixdə misli yox bu müsibətin.

Göz də gördüyünə inanır çətin,

Dünya bu dəhşəti dandı, Xocalım!

 

Vətən - qibləmizdi, dərd - pirimizdi,

Hər şəhid övladın - mərd birimizdi...

Bu torpaq əbədi and yerimizdi;

Kim pozar müqəddəs andı, Xocalım!