Ağaevli Əli Hacıdan ÜÇ ŞEİR

Əynimdə köynəyim yaşdı,
içimdə göynəyim yaşdı !
Bu necə yaşamağdır ?!
adın yaxın,sən uzaqsan !
Damarımı tel et saza,
qışda qalım,çıx get yaza !
Ömür düşüb çoxdan aza,
azdan çoxa yalquzaqsan !
Çöldə tikdim daşdan evi,
sökdüm yüz cür başdan evi !
Çıxartdım ki,qışdan evi,
dedim,bəlkə qalacaqsan !
***
Olmaq da-qaçılmazdı,
Haqq görən qocalmazdı !
Yoldan bir gedən azdı,
Halıma satdı məni !
Çağır,Tanrını çağır
Göy əzəl,yerə yağır !
Süfrəsi bol,bu ağıl
Bilimə satdı məni !,
“Lələ köçüb,yurd qalıb”
Ulamağa qurd qalıb !
O,da məndən söz alıb,
Dilimə satdı məni !
Qan rəngində gülüm var,
Öz gözümdə gölüm var !
Mənim ki,bu dilim var
Külümə satdı məni !
Nə biləymiş beləymiş,
Dünya yağış,küləymiş !
Anam hələ doğmamış,
Zülümə satdı məni !
Şəkil-şəkil adamlar,
Yarpaq-yarpaq soldular !
Yaşamaqçün qalanlar,
Ölümə satdı məni !
***
Görüb səni tanımasın…
Qoy, üzünə tanınmasın!
Tanıyar sən tanımasan,
Bu,dərd də adam tanıyır !
Üz çevirib,göz yumsanda
Xəbər tutur hamısından !
İlanı öz yuvasında,
Günahı-edam tanıyır !
Gəlibdisə,çat qaşları
Şeytan-sənə at daşları !
Göylərdə uçan quşları,
Yerdə də adam tanıyır !
Dağ başı-Qartal o,quşun
Viranələr də,bayquşun !
Yazın,yayın,payız,qışın
Evlərin dam-dam tanıyır !
Söz vermə,ağır çəkisi
Ölçən var ağıl çəkisin !
Səni sınağa çəkməsin,
Dildən də adam tanıyır !
***