Afiq Muxtaroğlu : - Dillə deyiləsi deyildi halım.

Ədəbiyyat 08:37 / 09.12.2024 Baxış sayı: 1080

***

Nədi yoluxmuşdum onda qripə,

Dillə deyiləsi deyildi halım.

Yamanca tutmuşdu məni o andır.

Vallah, açılası deyildi falım.

 

Baxmırdı sözümə ağzım-burunum,

Öskürək yamanca boğurdu məni.

Ağrıyan bir yerim qalmamışdı ha,

Ağrılar təzədən doğurdu məni.

 

Ağrı işləmişdi sümüyüməcən,

Ağrıdan-acıdan qıvrılırdım oy.

Ocaq çatılmışdı canımda sanki,

Özüm öz odumda qovrulurdum oy.

 

Gələ bilməmişdim görüş yerinə,

Ayağım qırılmış yeriməmişdi.

Neçəyə qalxmışdı istim bilmirəm,

Ağrım dinməmişdi, kiriməmişdi.

 

Yadında olacaq xəstələnməyim,

Alınmışdın nədi, küsmüşdün nədi.

Kükrəmişdin sən də dəniz misalı,

Məni də asmışdın, kəsmişdin nədi.

 

Bir az qrip andırdan, bir az pərtlikdən,

Könlümün buzu da əriməmişdi.

Xalı toxumuşdu payız xəzəldən,

Külək qıyıb hələ kürüməmişdi.

 

1 dekabr 2024-cü il