Adilə Səfərova - Ümid könül çırağıdır

YAZARLAR 09:37 / 12.06.2024 Baxış sayı: 1655

 

 

Ümid dilək toxumudur. Ümid arzu rişəsidir; pöhrələyər, yaşıl-yaşıl budaqları şaxələnər, qönçə tutar, çiçək açar...

Muradın da, istəyin də söykək yeri, istinadı ümid olar. O, məlhəmdi ürəklərdə qövr eləyən qəm-kədərə, dər-ələmə! Açılmayan düyünlərə, düzəlməyən müşküllərə açardı o! Soyuq qəlbi isindirən, buz bağlayan duyğulara can bəxş edən qığılcımdı. Can evinin alovudur, atəşidir, közüdür o.

Ümid qəlbin ocağıdır!

Ümid könül çırağıdır!

Zülmət çökən ürəklərdə şəfəq saçar, nur çiləyər, arzu-dilək yollarına işıq olar. Fırtınalı, qasırğalı duyğulara mayakdır o. Arzu, istək hücrəsinə dirəkdir o, dayaqdır o. Könlümüzdə əlvan-əlvan qönçələyən neçə-neçə ümid yaşar; kövrəklikdə, təravətdə gül ləçəyi... Ümid də var, daşda bitən xoş ətrli dağ çiçəyi rayihəli...

Ayrılığın fərağına, nisgilinə, qübarına məlhəm olan ümidələr var içimizdə; Yurd ünvanlı, Vətən dadlı, Araz adlı... Əsir qalan, girov olan neçə-neçə yurd ünvanlı... Əli yalın, qolu bağlı, yolu daşlı, gözü yaşlı olsa belə, ana torpaq sevgimizdən yaşıl-yaşıl boy artmada, şaxələnib ucalmada.

Qəzəbindən, nifrətindən alov saçan ümidlər var könlümüzdə qaysaq tutmaz yara olan qara baxtlı Qarabağda od saçacaq... Yadellilər tapdağında inildəyən torpaqlara, xiffətindən ocaq daşı çat-çat olan obalara, oymaqlara, gül yerinə tikan bitən, cığırları koldan itən yamaclara, yaylaqlara yol açacaq... O ümidlər sinəmizdə çalın-çarpaz yara açan Xocalının intiqamın qiyamətə qoymayacaq... Xan oylağı Şuşamızda xarıbülbül solmayacaq... Oğuzların əmanəti yurd yerləri yad əllərdə qalmayacaq.

...Könlümüzdə inam, iman işığında havalanan ümidlər var “Cəngi” üstə köklənərək zəfər marşı çalacaqdır. Bu zəfərin səs-sədası Oğuz yurdu Zəngəzurun, Dərələyəz, İrəvanın, Göyçəmizin səmasına xoş müjdələr yayacaqdır...

...Ümid inam ocağıdır!

...Ümid könül çırağıdır!