Adilə Nəzər- XATİRƏ DƏFTƏRİ

Ədəbiyyat 14:49 / 19.07.2025 Baxış sayı: 1258

 

 

Sən yaşılla sarının

qarışan təhərisən.

Mənin son baharımın

xatirə dəftərisən.

 

Mona Lizanın sirli

xoş təbəssümü kimi,

Həyatın ən təsirli,

qəşəng, sevimli filmi.

 

Bax üzümə, gülümsə,

buludlarım dağılsın.

Susduğun o hər səsə

könlüm yansın-yaxılsın.

 

Yaddaşının bir küncün

aç, yenidən tanışaq.

Gəl, sözlərin üçüncü

anlamında danışaq.

 

Sevgi oda salmasın,

Ürək eşqdən ərisə..

Səhifə boş qalmasın,

xatirə dəftərisən.

19.07.2025