Adilə Nəzər: - VAXTIDI

Ədəbiyyat 19:53 / 15.07.2025 Baxış sayı: 1405

 

Bahar dilə, a binəva,

Gülünün solan vaxtıdı.

Bu gün ayın on dördüdü,

Ayın tam dolan vaxtıdı.

 

Bəxtəvər, dərdin təzə-tər,

Gəl, bir dərd də sinəmdən dər.

Ağzın bağla, gözün göstər,

Könlümün alan vaxtıdı.

 

Bu dünyanın gözü nəmli,

Əzəl dəmli, son matəmli...

Hər səyyah bir cür ələmli,

Yolların dalan vaxtıdı.

 

Göydə balıqlar süzəcək,

Dənizdə quşlar üzəcək.

Yer də göylə üzləşəcək,

Olacaq olan vaxtıdı.

 

Adilə, çək hıçqırığı,

Küskünlüyü, qırıqlığı.

Düşüb doğrunun qıtlığı,

Dünyanın yalan vaxtıdı.