Adilə Nəzər  - REKVİYEM

Ədəbiyyat 10:00 / 07.04.2025 Baxış sayı: 627

 

(Qarabağda şəhidlərinə və itkinlərinə)

***

Gəlsəm bir gün,

Ayaqlarına qapansam, ətəyindən öpsəm,

Qaytararsanmı aldıqlarını?

Xahiş etsəm, üz vursam, yalvarsam...

Uğruna gedənləri geri versən.. –

üzü gülsə xalqın..

Utansa ayrılıq,

qorxub qaçsa qorxular,

çəkilsə qara kölgələr...

Silinsə ataların alnından qırışlar,

qurusa anaların gözlərindən yaşlar.

Qırılıb tökülsə sıralanan qara daşlar...

Bir leysan yağsa,

göyərib qalxsa qəlblərə gömülənlər.

Açılsa qızların bağlı qapıları,

Sevinsə bəy otaqları..

Gəlsəm bir gün,

yalvarsam...

Dolsa gözlərin, qoşulub mənə ağlasan,

islansa dünya...

açılsa kölgəli üzləri, gülsə gözləri

nur üzlü qardaşların...

peşman olub açsa qollarını

onları qoynunda gizləyən dağlar.

Çıxıb gəlsələr bir-bir dərələrdən, meşələrdən,

qopsalar xatirələrdən, havarlardan,

ensələr divarlardan....

Uşaqlar bağırsa sevincdən,

Atlansa-düşsə, yıxılsa...

çoxalsa...

Gəlsəm bir gün,

yalvarsam...

ağlasam...

göz yaşlarımla yuyulsa illərin kiri, kədəri...

Hər şey dəyişsə..

gül çiçəklə sevişsə..

torpaq bərəkətli olsa, hava günəşli,

həyat sevgi kimi tərtəmiz,

ağappaq...

Gəlsəm bir gün, ağlasam,

hər şey dəyişərmi, Qarabağ?!

2022